Yaponiyada İmperator Akihitonun taxta çıxmasının 30-cu ildönümü qeyd olunub
Tokio, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Tokiodakı Milli Teatrda 85 yaşlı Yaponiya İmperatoru Akihitonun taxta çıxmasının 30-cu ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim NHK telekanalı ilə birbaşa yayımlanıb. Mərasimdə Yaponiya hökuməti və parlamentinin üzvləri, bu ölkədə akkreditə olunmuş xarici nümayəndəliklərin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Yaponiyanın İmperatoru Akihitonun və Baş naziri Şinzo Abenin dəvəti ilə tədbirə Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov da qatılıb.
Mərasimdə Yaponiyanın Baş naziri Şinzo Abe, parlamentin Nümayəndələr Palatasının sədri Tadamori Oşima, Müşavirlər Palatasının sədri Çuiçi Date, Yaponiya Ali Məhkəməsinin sədri Naoto Otani, Yaponiya xalqı adından Fukuoka Prefekturasının qubernatoru Oqava Hiroşi və Yaponiyanın sabiq xarici işlər naziri Yoriko Kavaquçi çıxış ediblər.
Qeyd olunub ki, İmperator Akihito 30 il ərzində həmişə Yaponiya xalqına yaxın olub, dövlət və xalqın rəmzi kimi öz vəzifəsini tam şəkildə yerinə yetirib. Həmçinin İmperatorun 35 xarici ölkəyə səfəri, Yaponiyanın xarici siyasətində, ikitərəfli əlaqələrin gücləndirilməsində fəaliyyəti yüksək qiymətləndirilib.
Mərasimdə çıxış edən İmperator Akihito bildirib ki, taxta çıxdıqdan sonra da hər zaman Yaponiya xalqının rifahı, ölkədə sülhün bərqərar olması naminə çalışıb və dövlət rəmzi kimi üzərinə düşən məsuliyyəti layiqincə daşımaq üçün səylərini əsirgəməyib.
Xatrıladaq ki, 2016-cı ilin avqustunda İmperator Akihito xalqa televiziya vasitəsiliə müraciət edərək, yaşının keçməsi ilə əlaqədar taxtı vəliəhdə təhvil vermək istədiyinə işarə vurub. Lakin Yaponiyanın müasir qanunvericiliyində - ölkə konstitusiyasında və İmperator evi barədə qanunda monarxın sağlığında taxtı təhvil verməsi nəzərdə tutulmayıb.
Ötən ilin iyununda Yaponiya parlamenti indiki İmperatorun taxtı vəliəhdə təhvil verməsini nəzərdə tutan xüsusi qanun qəbul edib. 2017-ci ilin dekabrında İmperator ailəsi üzrə komissiya İmperator Akihitonun istirahətə getməsi vaxtını aprelin 30-na təyin edən qərar qəbul edib. Bundan bir gün sonraya, mayın 1-nə vələhdin taxta çıxması günü təyin olunub. Akihito taxtdan ayrıldıqdan sonra o “Zyoko” adlanacaq.
İmperator Akihito 1989-cu ilin yanvarında taxta çıxarkən Yaponiyada Heysey dövrü - sülhün bərqərar olduğu dövr başlayıb və bu gün də davam edir.
Tədbirin sonunda sözləri İmperator Akihitoya məxsus olan və musiqisi İmperatriçə Miçiko tərəfindən bəstələnmiş mahnı məşhur müğənni Daiiçi Miura tərəfindən ifa edilib.
Yaponiyanın növbəti İmperatoru Akihitonun böyük oğlu, 59 yaşlı vəliəhd-şahzadə Naruhito olacaq. Hökumət yeni dövrün adını aprelin 1-də elan edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio