“YARAT”ın “Artım” layihə məkanında növbəti sərgi açılıb
Bakı, 3 mart, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında rəssamlar Şahnaz Ağayeva, Mousa Bəyzadə, İlahə Xalıqova, Aydan Mirzəyeva və Qafar Rzayevin əsərlərindən ibarət “Buraxılış” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgiyə rəssamların yekun işlərində müzakirə edilən araşdırmaların nəticələri, o cümlədən gender problemləri, rəssam və təbiət arasında əlaqə, sənətin müvəqqətiliyi kimi müxtəlif mövzulara toxunan performans və heykəltəraşlıq əsərləri daxildir.
Gənc rəssam Şahnaz Ağayevanın “XX/XY” adlı əsəri taxta pazldan ibarətdir. Digərlərindən fərqli olaraq, bu pazlı saysız-hesabsız variantlarda yığmaq mümkündür. Sərgi ərzində ziyarətçilərə pazlın hissələrini yığmaq imkanı təklif ediləcək. Proses, müzakirələr, birgə fəaliyyətlər və baş verə bilən ziddiyyətlər əsərin vacib hissəsini təşkil edir. Əsərin adı onu göstərir ki, dünyaya kişi (XY xromosomu) və ya qadın (XX xromosomu) kimi gəlmək ehtimalının faiz nisbəti 50/50 və reproduksiya prosesində hər iki cinsin bərabər iştirakını tələb edir. Bununla da, rəssam cinslərdən hər hansı birinin üstün və ya aşağı tutulmaması şərtilə, təbiətdə üstünlük təşkil edən ədalətli bərabərlik prinsipinin cəmiyyətə ötürülməsinin vacibliyini vurğulayır. Rəssam qadın sinəsi obyektini ona görə seçib ki, məhz onlar bütün insanların sağqalma instintklərindən biri sayılır və qeyri-iradi olaraq ona toxunmaq arzusunu oyadır. Bu səbəbdən, rəssam insan təbiətinə nisbətən yaxın olan, istiliyi və enerjini özündə saxlaya bilən ilıq, yumşaq ağac materialından istifadə edib.
Mousa Bəyzadə əsərində bəzi əxlaqi-mənəvi prinsiplərin mənasız və cəfəng xarakterini vurğulayır. Stəkandakı su təmizlik, paklıq əlaməti olmaqla yanaşı, həm də insanların suda öz əksləri ilə üzləşmələri və dəyərləri yenidən mənalandırmaları üçündür.
İlahə Xalıqovanın perfomansı - cəmiyyət, şəxsi və mənəvi baxımdan maddi mövcudluq məsələsinə qarşı gender anlayışlarını sual altına qoymağa çalışır. Bu perfomans, “ARTIM LAB” çərçivəsində rəssamın əvvəlki layihələrinin (transgender şəxslə müsahibə, görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun “Azad qadın” heykəlinin perfomativ və müasir interpretasiyası) davamı sayılır. İ.Xalıqova özündə, eyni zamanda, həm qadın (Radha), həm də kişi (Krişna) prinsiplərini cəmləşdirən Hind ilahi cütlüyü - Radha Krişna kimi dərin yanaşmaları cəlb etməklə öz perfomansının mənasını genişləndirib.
Aydan Mirzəyevanın əsəri təbiət və rəssam arasında əlaqəni işıqlandırır və “Kim kimə diktə edir?” sualına cavab tapmağa çalışır. Tarixboyu rəssamlar həmişə reallığı mümkün qədər daha gerçək əks etdirməyə çalışıblar və incəsənət tarixində əsərlərin texniki mürəkkəblik səviyyəsi, rəssamın işinin keyfiyyətini müəyyənləşdirib. Öz növbəsində, rəssam pastel tabaşiri ilə ağac parçasının strukturuna müraciət edərək, onu öz əsərində xüsusi olaraq qabardır. Ağacın illik halqaları səs və ya su kimi müxtəlif növ dalğaları xatırladır, qara nöqtələr isə insan vücudu ilə əlaqələndirir. Hər bir strukturun tarixçəsi var və rəssam bunu öz texnikası ilə vurğulayır.
Gənc rəssam Qafar Rzayev sərgidə sözlərdən ibarət əsər təqdim edir. Hər bir şeyin əvvəli olduğu kimi sonu da var - bu prinsip incəsənət cərəyanlarından da yan keçməyib. İncəsənət tarixinə nəzər salsaq görərik ki, hər hansı cərəyan müəyyən zaman keçdikdə öz yerini başqa bir cərəyana təhvil verib. Rəssam əsərində çox sadə minimalistik şriftlərlə işlənən sözlər üzərində kiçicik dəyişiklikləri edərək sözü başqa bir kəlməyə çevirir. Rəssam bu manevrlə müasir incəsənətin də “təhvil-təslim” prosesindən geri qalmayacağını və bir gün yerini başqa bir əvəzedicisinə verəcəyini vurğulayır.