YARDIMLI QƏSƏBƏSİNDƏ YENİ STADİON İSTİFADƏYƏ VERİLMİŞDİR
Sentyabrın 9-da Yardımlıda stadion istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə stadiona gəldi. Buraya toplaşan gənc idmançılar və rayon sakinləri dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.
Vaxtilə qəsəbənin mərkəzində tikilmiş stadion uzun illər baxımsız qaldığından bərbad vəziyyətə düşmüşdü. Rayonda gənclərin idmana marağını nəzərə alaraq və onların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaq məqsədi ilə iyun ayının ortalarında stadionda əsaslı yenidənqurma işlərinə başlanılmışdı. Tikintidə hər gün 35-40 nəfər çalışırdı və onlar qısa müddətdə işləri başa çatdırdılar. Stadionun ümumi uzunluğu 140 metr, eni 70 metr, yaşıl örtüklü futbol meydançasının ölçüləri isə 90x50 metrdir. Tribunalarda 2200 nəfər tamaşaçı üçün plastik oturacaqlar qoyulmuşdur.
Stadiona xidmət etmək üçün onlarca adam daimi işə götürülmüşdür.
Prezident İlham Əliyev burada incəsənət ustalarının və idmançıların çıxışlarına baxdı.