“YAŞAT” Fondunun hesabına 37 milyon manata yaxın vəsait mədaxil olunub VİDEO
Bakı, 27 may, AZƏRTAC
Bu günə qədər “YAŞAT” Fondunun hesabına 36 milyon 995 min 25 manat 16 qəpik vəsait mədaxil olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində 2881 şəhidin ailə üzvləri, habelə 3042 yaralı olmaqla ümumilikdə 14 min 517 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb. Onlardan 6441 şəxsin müraciəti icra üçün öhdəliyə götürülüb.
Fondun fəaliyyət istiqamətləri üzrə 22 milyon 5498 manat 92 qəpik məbləğində vəsait xərclənib. Onlardan məişət şəraitinin yaxşılaşdırılmasına 15 milyon 318 min 784 manat 50 qəpik (3391 şəhid ailəsi üzvü və yaralı), təhsil istiqamətinə 26 min 755 manat 54 qəpik (37 şəhid ailəsi üzvü və yaralı), istehlak kreditlərinin ödənilməsinə 3 milyon 222 min 781 manat 98 qəpik (972 şəhid ailəsi üzvü və yaralı), tibb istiqaməti üzrə isə 3 milyon 437 min 177 manat 78 qəpik (1175 şəhid ailəsi üzvü və yaralı) vəsait sərf olunub.
Bundan başqa, Vətən müharibəsindən sonra dünyaya gələn 72 şəhid övladına 1000 manat maddi yardım edilib. 37 şəhid övladının adına isə 5 min manat məbləğində depozit hesabı açılıb.
Vətən müharibəsində ağır yaralanan 89 qazi müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilib. Onlardan 26-sı sağalaraq geri qayıdıb.