“Yaşıl Marafon” kampaniyası istilik effekti yaradan qaz tullantılarının azaldılmasına töhfə verəcək
Bakı, 5 noyabr, AZƏRTAC
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində bu gün Qusar, Siyəzən, Ağcabədi, İmişli, Ağdaş, Sabirabad, Lerik, Göygöl, Goranboy rayonlarının meşə fondu ərazilərində və Bakı şəhəri Xocasən gölü ətrafında ağac əkini həyata keçirilib.
ETSN-in ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, gün ərzində ölkə üzrə ümumilikdə 23 min 824 ədəd müxtəlifcinsli ağac əkilib, 350 kiloqram palıd toxumu səpilib: “Payız ağac əkini mövsümü başlayandan bugünədək ölkə ərazisində ümumilikdə 200 hektar ərazidə 214 min 607 ədəd müxtəlifcinsli ağac əkilib, 2480 kiloqram toxum səpilib”.
S.Məmmədova onu da qeyd edib ki, “Yaşıl Marafon” kampaniyası çərçivəsində keçirilən genişmiqyaslı ağacəkmə tədbirləri, eyni zamanda, istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsinə və qoşulduğu təşəbbüslərə də öz töhfəsini verəcək.