YAZIÇILAR BİRLİYİNDƏ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Fondun sədri şair Musa Yaqub və bölmənin rəhbəri Bəsti Əlibəyli tədbirin keçirilməsinin məqsədi ilə bağlı iştirakçılara ətraflı məlumat vermişlər. Onlar bildirmişlər ki, hazırda ölkəmizdə xeyli qəzet və jurnal nəşr olunur. Söz azadlığı mövcuddur. Lakin bəzi mətbuat orqanları və müəlliflər bundan istifadə edərək sözün ülviliyinə xələl gətirir, müxtəlif şəxslərin ünvanına təhqiramiz ifadələr işlədirlər. Bu cür hallara qarşı mübarizə aparılmalı, azad sözdən ədəbiyyatımızın inkişafı naminə istifadə edilməlidir. Fikirləşmədən deyilən söz bütün dövrlərdə yiyəsini çıxılmaz vəziyyətə salıb, ədəbi ictimaiyyət yanında gözükölgəli edib.
Yazıçılar birliyinin sədri Anar, xalq şairi Fikrət Qoca və başqaları tədbirdə fikir mübadiləsi aparmışlar. Müzakirələrdə çağdaş ədəbiyyatımızın müxtəlif problemlərindən, sovet dövründə ədəbiyyata qarşı senzuradan, lakin buna baxmayaraq sözünü deyən sənətkarlarımızdan, özündən əvvəlki yazıçı və şairlərin yerli-yersiz inkar edilməsinin pis əlamət olmasından geniş danışılmışdır.
Söz Azadlığı Müdafiə Fondunun öz fəaliyyətini daha da genişləndirməsi baxımından maraqlı təkliflər səslənmişdir.
Anar Dəyirmi masaya yekun vuraraq tədbirin əhəmiyyətini xüsusi vurğulamışdır.