Yemişi xatırladan xoş ətirli pepinodan kulinariyada geniş istifadə edilir
Bakı, 10 iyun, AZƏRTAC
Pepino Cənubi Amerika qitəsində məşhur meyvələrdən sayılsa da, onun sərhədlərindən uzaqda ya tanınmır, ya da az tanınır. Mütəxəssislər indi onu Çili, Yeni Zelandiya, ABŞ-ın Kaliforniya ştatında da yetişdirirlər. Dünya bazarında pepinonun alıcıları getdikcə artır. Avropa, Yaponiya və ABŞ bazarlarında ona tez-tez rast gəlmək olur.
AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, pepinonun yetişdirilməsi ilə ilk dəfə Cənubi Amerika hinduları məşğul olub. Bir neçə minilliklərə aid arxeoloji tapıntılar pepinonun daha qədim bitkilərə aid olduğunu təsdiqləyir. Əsrin əvvəllərində Peruda aparılmış qazıntılar zamanı pepinonun quruluşunu xatırladan qədim gil qab tapılıb. Təbii ki, onun gözəl meyvələrinə Avropada biganə qala bilməzdilər. Pepinonu ilk dəfə 1785-ci ildə Paris Kral Bağının bağbanı Andre Tuen Fransaya gətirib. 1889-cu ildə ilk dəfə Peterburqda sərgidə nümayiş olunanda imperator III Aleksandr yeni meyvəni yüksək qiymətləndirərək onun saray oranjereyasında yetişdirilməsi üçün göstəriş verib.
Yaponiyada meyvəyə olan tələbat günbəgün artır, hətta pepino qiymətinə görə ən bahalı meyvələr sırasındadır. Meyvələri Yaponiyanın bazar və marketlərində alıcılara desert şəklində və ya kiməsə hədiyyə vermək üçün təklif edilir. Çox vaxt ona qablaşdırılmış şəkildə rast gəlinir.
Pepino gözəl görünüşə, xoş dada, kompakt forma və ölçülərə malikdir. Onun keçua, manqo xiyar, armud yemiş, yemiş kolu, yemiş ağacı, şirin xiyar kimi adları da var.
XIX əsrdə Rusiyaya gətirilən pepino bir müddət oranjereyalarda yetişdiriləndən sonra ondan kulinariyada da istifadə olunub. Cənubi Amerika və Yaponiyada onun meyvələrindən çiy şəkildə istifadə edildiyi halda, Yeni Zelandiyada ondan şorba, sous, salat və müxtəlif desertlərin hazırlanmasında istifadə edirlər. Onu qurutmaq, dondurmaq və konservləşdirmək də mümkündür.
Pepino yeyilməzdən qabaq qabığı təmizlənir, meyvənin ləti xoş ətirli və sulu olur. Bəzi sortlarının qabığı xoşagəlməz dada malikdir. Tərkibi 92 faiz sudan ibarətdir, dadına görə xiyar və yemişi xatırladır. C vitaminin miqdarına görə sitrus meyvələrindən də geri qalmır, onun tərkibində A vitamini də yüksək miqdardadır.
Meyvələri təxminən qaz yumurtası boyda olanda onu ehtiyatla yığmağa başlayırlar. Bir kol üzərində müxtəlif yetişmə mərhələsində olan meyvələrə rast gəlinir. Pepinonun meyvələri tam yetişəndə dadını itirir. Bitki bir hektar sahədə 40-60 ton məhsul verir, lakin bu, heç də maksimal hədd deyil. Meyvələrinin qabığı qalın olduğuna görə 4-5 dərəcə temperaturda bir neçə ay qalır. Onun tətbiq sahələri genişdir - meyvə və tərəvəz salatları, mürəbbə, cem, konserv və uşaq qidalarının hazırlanmasında istifadə edilir.