YENİ AZƏRBAYCAN PARTİYASI İDARƏ HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
YAP sədrinin müavini - İcra katibi Əli Əhmədov idarə heyətinin son iclasının qəbul etdiyi qərarların icra vəziyyəti və 6 oktyabr bələdiyyə seçkilərində partiyanın iştirakı və uğurları haqqında ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, irəli sürülmüş namizədlərin təbliğat və təşviqatında Yeni Azərbaycan Partiyasının İcra Katibliyi və rayon təşkilatları yaxından iştirak etmişdir. Həyata keçirilmiş məqsədyönlü fəaliyyət nəticəsində Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində inamlı qələbə qazanmışdır. Belə ki, YAP səsvermədə iştirak edən seçicilərin 59,8 faizinin səsini qazanaraq, 1137 namizədinin qələbəsini təmin etmişdir.
İdarə heyəti eyni zamanda YAP-ın rayon və şəhər təşkilatlarının növbəti konfranslarının keçirilməsi barədə icra katibinin müavini Siyavuş Novruzovun məlumatını dinləmişdir.
İdarə heyəti Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində iştirakını və qazandığı uğurları yüksək qiymətləndirmiş, rayon təşkilatlarının konfranslarının nizamnamə çərçivəsində həyata keçirilməsi barədə qərar qəbul etmişdir.
İdarə heyətinin iclasında həmçinin partiyanın yaranmasının 14-cü ildönümünə hazırlıq işləri və cari məsələlər barəsində geniş fikir mübadiləsi aparılmışdır.