Yeni Azərbaycan Partiyası inkişafının yeni dövrünü yaşayır
Lənkəran, 22 noyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir iştirakçılarını partiyanın yaranmasının 29-cu ildönümü münasibətilə təbrik edən YAP Lənkəran rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Möhübbət Babayev məruzə ilə çıxış edib. Yeni Azərbaycan Partiyasının ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis olunduğunu vurğulayan M.Babayev, çətin bir şəraitdə yaranmış partiyanın çox qısa müddətdə böyük siyasi qüvvə kimi formalaşdığını diqqətə çatdırıb.
Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası inkişafının yeni dövrünü yaşayır. YAP cəmiyyətin bütün təbəqələrini əhatə etməklə öz sıralarında 760 mindən çox vətəndaşı birləşdirən, siyasi, ideoloji güc mərkəzidir.
Onlayn tədbirdə Lənkəran Tibb Kolleci ərazi ilk partiya təşkilatının sədr müavini Peysudə Kamilə, YAP-ın veteran üzvü, rayon təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Güloğlan Bağırov və Lənkəran şəhər 1 nömrəli tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Nəzakət Abdullayeva çıxış ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyanın cəmiyyətdə aparıcı rolundan danışılıb.