YENİ AZƏRBAYCAN PARTİYASI QOBUSTAN RAYON TƏŞKİLATININ V KONFRANSI KEÇİRİLMİŞDİR
Konfransda təşkilatın sədri Füzuli Güləliyev IV konfransdan ötən dövrdə görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, YAP-ın Qobustan rayon təşkilatı 2005-ci ilin parlament və 2006-cı ilin oktyabrında keçirilən bələdiyyə seçkilərində çox yüksək fəallıq nümayiş etdirmiş, partiyanın müdafiə etdiyi namizədlərin təbliğat-təşviqat kampaniyasının təşkilini müasir seçki texnologiyaları çərçivəsində qura bilmişdir.
Rayon təşkilatının sədri bildirmişdir ki, YAP-ın III qurultayının, o cümlədən idarə heyətinin qəbul etdiyi qərarların həyata keçirilməsində partiya üzvləri yüksək fəallıq və peşəkarlıq nümayiş etdirmişlər. Bu səbəbdən də təşkilat rayonun ictimai-siyasi həyatında hər zaman nüfuz sahibi olmuşdur.
Hesabatda qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və həqiqi elmi əsaslara malik sosial-iqtisadi inkişaf strategiyası və xarici siyasət konsepsiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Regionların sosial-iqtisadi İnkişafı Dövlət proqramının yüksək səviyyədə həyata keçirilməsi sayəsində rayonda yeni istehsal müəssisələri açılmış, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 5 kənddə yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
YAP Gənclər Birliyi Qobustan rayon təşkilatının sədri Rəşad Hüseynov, Qadınlar Şurası Qobustan rayon təşkilatının sədri Lalə Maqsudova, partiya fəalları Babək Albabayev, Zümrüd Şərifova və başqaları çıxış etmişlər. Onlar təşkilatın ötən dövr ərzində fəaliyyətini müsbət qiymətləndirmişlər.
Konfransın işində iştirak edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış etmiş, partiya üzvlərinin qarşısında duran məqsəd və vəzifələrdən danışmışdır.
Konfransda, həmçinin təşkilati məsələlərə baxılmışdır. Füzuli Güləliyev yenidən YAP Qobustan rayon təşkilatının sədri seçilmişdir.
Təşkilatın digər seçkili orqanlarının üzvləri də müəyyənləşdirilmişdir.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul olunmuşdur.