YENİ AZƏRBAYCAN PARTİYASI SABUNÇU RAYON TƏŞKİLATININ V KONFRANSI KEÇİRİLMİŞDİR
Partiyanın rayon təşkilatının sədri Vahid Qurbanov hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzəçi partiyanın I və II qurultayının qarşıya qoyduğu vəzifələrin rayon təşkilatı tərəfindən uğurla həyata keçirilməsindən danışmış, mövcud problemlər və çətinliklər barədə məlumat vermişdir.
Yeni Azərbaycan Partiyası sıralarına daxil olmaq məqsədi ilə Sabunçu rayon təşkilatına müraciət edənlərin sayının artdığını bildirən natiq qeyd etmişdir ki, partiya üzvləri Prezident Heydər Əliyevin ideyalarını yaşatmaq üçün mübarizliklərini daha da artırmalıdırlar. Məruzəçinin sözlərinə görə, Sabunçu rayon təşkilatının uğurlu fəaliyyəti nəticəsində müxalifətdə olan partiyalar rayon əhalisi arasındakı nüfuzlarını tamamilə itirmişlər.
Məruzə ətrafında çıxış edənlər partiyanın rayon təşkilatı şurasının ötən konfransdan sonrakı işini kafi qiymətləndirmişlər. Natiqlər bildirmişlər ki, əldə olunan uğurlardan arxayınlaşmaq olmaz. Partiya fəalları bütün imkanlarını səfərbər edib qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlaşmalıdırlar.
YAP idarə heyətinin üzvü Yusif Hümbətov çıxış edərək qarşıda duran vəzifələrdən danışmışdır.
Axırda təşkilati məsələlərə baxılmışdır. Vahid Qurbanov yenidən YAP rayon təşkilatının sədri seçilmişdir.
Konfrans iştirakçıları adından ölkəmizin Prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevə müraciət qəbul olunmuşdur.