Yeni Azərbaycan Partiyası xalqın siyasi bayraqdarıdır
Bərdə, 21 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 29-cu ildönümü münasibətilə Bərdədə “Yeni Azərbaycan Partiyası xalqın siyasi bayraqdarıdır!” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələri və qazilərin də iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini və Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, önünə tər güllər düzərək xatirələrinə ehtiramlarını bildiriblər. Sonra Bərdə şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinin şanlı Zəfərimizə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış olub.
Tədbirdə Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranmasından, keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan və Vətən müharibəsində qazanılan qələbədən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə əsl xalq partiyasına çevrilib, Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, “Qarabağ” ordenli, Vətən müharibəsi qazisi Dursun Manaflı, Vətən müharibəsi şəhidi Fəxri Qəribzadənin bacısı Türkanə Qəribova çıxış edərək, partiyanın ideologiyasından, xalqa xidmətindən söz açıblar.
YAP rayon təşkilatı tərəfindən Vətən müharibəsində arxa cəbhədə fədakarlıq göstərmiş bir qrup partiya fəalı fəxri fərmanla mükafatlandırılıb.
Bayram tədbiri şəhər 5 nömrəli tam orta məktəbin akt zalında Bərdə Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə davam edib. Konsert proqramı zamanı partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, YAP-a, Qarabağa, Azərbaycan Ordusunun zəfərinə həsr edilmiş mahnılar və şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı kompozisiya təqdim edilib.
Tədbirdən sonra partiya fəalları YAP-ın yaradılmasının 29-cu ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçiriblər.