Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatında soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılmışdır
Yevlax, 1 aprel (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “31 Mart azərbaycanlıların soyqırımı” abidəsinin önünə gül-çiçək düzmüş, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edənlər ermənilərin iki əsr ərzində azərbaycanlılara qarşı planlı şəkildə soyqırımı siyasəti həyata keçirildiklərini, 1905-1907-ci, 1918-1920-ci və 1988-1993-cü illərdə Azərbaycan torpaqlarında xalqımıza qarşı kütləvi qırğınlar törədərək yaşayış məntəqələrini, tarixi və mədəniyyət abidələrini, məscidləri, məktəbləri dağıtdıqlarını diqqətə çatdırmış, Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Naxçıvanda, Zəngəzurda, İrəvanda, Qarabağda və Azərbaycanın digər ərazilərində xüsusi qəddarlıqla törətdikləri qanlı qırğınlardan bəhs etmişlər. Bildirilmişdir ki, xalqımıza qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirən daşnaklar 1918-ci ilin mart-aprel aylarında yüzlərlə şəhər və kəndimizi xarabalığa çevirmiş, 10 minlərlə soydaşımızı qətlə yetirmişlər.
Qeyd olunmuşdur ki, xalqımızın məruz qaldığı soyqırımı və etnik təmizləmə siyasətinin miqyasının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində son illər xeyli iş görülmüşdür. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin hərəkətlərinə verilən əsl hüquqi-siyasi qiymətdir. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti Prezident İlham Əliyevin qətiyyəti sayəsində artıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənilir, ölkəmizin ədalətli mövqeyi dəstəklənir.
Sonda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi Aysel Ələkbərova inşasını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.