Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmişlər
Bakı, 26 fevral (AZƏRTAC). Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) üzvləri fevralın 26-da faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsinin ziyarət etmişlər.
Gənclər birliyindən AZƏRTAC-a bildirmişlər ki, əllərində Azərbaycan bayraqları və “Xocalıya ədalət!” yazılmış plakatlarla Xocalı prospekti boyunca yürüş edən gənclər abidə önünə əklil qoyaraq faciə qurbanlarının xatirəsi dərin ehtiramlarını bildirmişlər.
Birliyin sədri Seymur Orucov bildirmişdir ki, Xocalı faciəsindən 21 il ötməsinə baxmayaraq, bu qanlı yara hələ də bizim üçün təzədir. Hər il Xocalını müxtəlif tədbirlərlə yad edirik. Bütün il boyu Xocalı bizim yaddaşımızdadır. Qatıldığımız tədbirlərdə, xarici səfərlərdə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ən ağrılı yarası olan Xocalı soyqırımı barəsində məlumatlar yayırıq. Bu gün bu məsələ dövlətimizin başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Azərbaycan Prezidenti şəxsən Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işini sürətləndirmək istiqamətində göstərişlər verir, təşəbbüslər göstərir.
Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələr, kampaniyalar artıq öz bəhrəsini verməkdədir. Artıq Xocalı soyqırımını bir çox dövlətlərin parlamentləri tanımağa başlamışdır. Bu da Azərbaycanın apardığı təbliğat işinin mühüm nəticəsidir. Arzumuz budur ki, bir daha nəinki Azərbaycan, bəşər tarixində belə bir hadisə baş verməsin.