SİYASƏT
Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir
Bakı, 28 iyun (AZƏRTAC, Samirə Allahverdiyeva). İyunun 28-də Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında hakim partiyanın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, icra katibinin müavinləri - Milli Məclisin deputatları Siyavuş Novruzov, Mübariz Qurbanlı və digər rəsmi şəxslər iştirak etmişlər.
Müşavirdə çıxış edən Əli Əhmədov bildirmişdir ki, bu tədbir iki əsas məsələyə həsr olunmuşdur. Birincisi, partiyadaxili məsələləri müzakirə edəcəyik. Biz əvvəlki toplantılarda olduğu kimi, ənənəmizi davam etdirərək partiyadaxili məsələləri şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində müzakirə edəcəyik. Ötən dövrdə görülmüş işləri qiymətləndirəcək, qarşıda duran vəzifələri müəyyənləşdirəcək və buna müvafiq olaraq fəaliyyət göstərəcəyik.
İkinci məsələ isə bu ilin dekabrında ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədardır. Müşavirədə bu məsələ ilə əlaqədar YAP-ın və yerli təşkilatlarımızın qarşısında duran vəzifələri müzakirəyə edəcəyik. Bələdiyyə seçkilərinə az vaxt qalıb. YAP bundan xeyli əvvəl bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar öz proqramını ümumi şəkildə açıqlayıb. Bizim yerli təşkilatlarda da müvafiq hazırlıq işləri aparılmaqdadır. Qarşımıza qoyduğumuz məqsəd ondan ibarətdir ki, növbəti bələdiyyə seçkilərində də hakim partiya ənənəsinə uyğun olaraq qələbə çalsın və yerli özünüidarə orqanlarında YAP-ın nümayəndələrinin yüksək təmsilçiliyini təmin edə bilsin. Əminik ki, biz buna nail ola biləcəyik. YAP-ın qələbə qazanması üçün kifayət qədər əsaslar vardır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işləri, iqtisadi inkişaf, insanların rifah halının yaxşılaşması, regionların simasının dəyişməsi, infrastruktur sahəsində həyata keçirilən irimiqyaslı layihələr bələdiyyə seçkilərinə hazırlıq kompaniyasında və seçkilərin keçirilməsində YAP-ın istinad edəcəyi böyük resurslardır. Biz əminik ki, məhz bu resurslardan istifadə və Azərbaycan Prezidentinin gördüyü möhtəşəm işlərin təbliği sayəsində hakim partiya növbəti bələdiyyə seçkilərində də uğur qazanacaq və yerliözünüidarə orqanlarında say üstünlüyünə malik olmaq imkanı əldə edəcəyik.
YAP-ın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi işini müzakirələrlə davam etdirmişdir.