YENİ BƏDİİ TƏRCÜMƏ JURNALININ NƏŞRİNƏ BAŞLANMIŞDIR
“Dünya ədəbiyyatı” adı ilə oxuculara təqdim olunan jurnalın ilk nömrəsinin Azərbaycan Yazıçılar Birliyində təqdimat mərasimi keçirilmişdir.
Birliyin sədri, xalq yazıçısı, Milli Məclisin deputatı Anar mərasimi açaraq yeni bədii nəşrin ilk nömrəsinin işıq üzü görməsi münasibətilə jurnalın işçi qrupunu təbrik etmişdir. Tərcümə toplusunun əhəmiyyətindən və nəşri zərurətindən danışan natiq bildirmişdir ki, ölkəmizin dünyaya hərtərəfli uğurla inteqrasiya etdiyi indiki şəraitdə ədəbi ictimaiyyətimizin də xarici ölkələrdəki ədəbi prosesləri izləməsi, sərhədlərimizdən kənarda dərc olunmuş bədii nümunələrdən xəbər tutması ədəbiyyatımızın inkişafı üçün vacib şərtdir. Dünya ədəbiyyatından xəbərsiz bəşəri dəyərlər səviyyəsində əsər yaratmaq mümkün deyildir. Bu vəzifələrin yerinə yetirilməsində Birliyin sədri yeni nəşrin redaksiya heyəti qarşısında duran vəzifələrdən danışmış, jurnalın “dünyaya pəncərə” roluna oynamasında onlara uğurlar arzulamişdır. Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev, Milli Məclisin deputatı, şair Sabir Rüstəmxanlı, Akademiya kitab mərkəzinin direktoru Vüqar Zeynalov və başqaları toplunun nəşrini ədəbi aləmdə yeni əhəmiyyətli hadisə kimi dəyərləndirmişlər. Arzu etmişlər ki, onun səhifələrində dünya ədəbiyyatında aparıcı ədəbi prosesləri özündə əks etdirən, bədii informasiya ilə zəngin olan, seçilən, zamanın fövqündə dayanan əsərlərə daha çox üstünlük verilsin.
Jurnalın baş redaktoru, şair-tərcüməçi Səlim Babullaoğlu jurnalın ilk nömrəsinin işıq üzü görməsinə maliiyə yardımı göstərdiyi üçün Gənclər, İdman və Turizm Nazirliyinə dərin minnətdarlığını bildirmişdir. Toplunun Azərbaycan Yazıçılar Birliyinin rüblük jurnalı kimi fəaliyyət göstərəcəyini vurğulayan natiq yaradıcı kollektivin görəcəyi işlərdən danışmış, onların ünvanına söylənmiş təkliflərin gələcək nəşrlərdə nəzərə alınacağını demişdir.