Yeni layihə: sərhədyanı ərazilərdə kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə üsulunun tətbiqi
Gəncə, 1 may, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Aqrobiznes Assosiasiyasının (GABA) reallaşdırdığı “Azərbaycanın (Şəki - Zaqatala) və Gürcüstanın (Laqodexi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə üsulunun tətbiqi” layihəsinin təqdimatı olub.
GABA-dan AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib ki, icrasına başlanılan layihə Şərq tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramları çərçivəsində həyata keçiriləcək. GABA bu il martın 7-dən etibarən Azərbaycan və Gürcüstanın sərhədyanı bölgələrində İnteqrir Bitki Mühafizə Sisteminin tətbiqi məqsədilə qiymətləndirmə aparmaq, eyni zamanda, bölgənin aqrobiznes dəyər zəncirində fındıq və tərəvəz məhsulları üçün potensialı təhlil etmək üçün bu layihənin icrasına başlayıb.
Layihənin məqsədi zərərvericilərə qarşı ətraf mühit üçün təhlükəsiz vasitələrdən - entomopatogenlərdən istifadə edərək ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının alınmasına dəstək verən yeni bitki mühafizə sistemi hazırlamaq, bilik və bacarıqların artırılması baxımından əsas fokus qrupu kimi hədəf məhsullar üçün potensial dəyər zənciri üzvlərinin şəbəkəsini yaratmaqdır. Eyni zamanda, Azərbaycan və Gürcüstanın quru və isti iqlim bölgələrinə yönəldilmiş sahələrdə və istixanalarda kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı mübarizəsi üzrə qarşılıqlı bilik mübadiləsi yolu ilə sərhəd korporasiyalarını təşviq etmək, entomopatogenlərin kütləvi istehsalının həyata keçirilməsi üçün kiçik eksperimental laboratoriya yaratmaqdır.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin donoru Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Gürcüstandan olan tərəfdaş təşkilatı isə Regional İdarəetmə və İqtisadi İnkişaf Mərkəzidir.
Layihənin bütün məqsədləri Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxiş” İnkişaf Konsepsiyasının, 2014-cü il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin komponentləri ilə üst-üstə düşür.
Qeyd edək ki, 1996-cı ildən fəaliyyət göstərən GABA-da əsasən ekoloji kənd təsərrüfatı, təhsil və araşdırma, ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsi ilə bağlı layihələr uğurla icra edilir. Həmçinin burada aqrobiznes sahəsində yüksək təcrübəyə malik ekspertlər, layihə əlaqələndiriciləri, maliyyə işçiləri və məsləhət xidməti göstərən peşəkar mütəxəssislər fəaliyyət göstərir.