YENİ MƏDƏNİYYƏT MƏKANINA İNTEQRASİYA PROBLEMLƏRİNİN TƏHLİLİNƏ HƏSR OLUNMUŞ SANBALLI ƏSƏR
“Müstəqillik azad siyasəti, yəni öz inkişafını suveren milli maraqlardan çıxış edərək qurmağı nəzərdə tutur. Ümummilli liderin siyasi uğurunun ana xəttini məhz milli maraqların prioritet hədəf kimi seçilməsi təşkil etmişdir. Hazırda bütün postsovet məkanında çoxçalarlı “demokratiya” anlayışını bəsit mənada, kimlərinsə diktə etdiyi universal model kimi başa düşənlər, öz siyasi proqramlarını Qərbə ünvanlayan, hər bir məsələyə müxtəlif mənbələrdən bildirilən münasibətlər müqabilində güzəştə getməyi şüar tutan, buna ümid edən təqlidçi və təslimçi siyasi qüvvələr məğlubiyyətə uğramış, marginal qurumlara çevrilmişlər. Demokratik transferin, vətəndaş cəmiyyətinin hazır reseptlər və “ixrac modelləri” əsasında deyil, Azərbaycanın özünəməxsus tarixi, siyasi, mədəni spesifikasından irəli gələn milli maraq və təməllər üzərində qurulmasını üstün tutan H.Əliyev siyasi kursu davamlı qələbələrin rəhninə çevrilmişdir”.
Bu sitat fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanovanın “Nurlan” nəşriyyatında yenicə çapdan çıxmış “XXI əsr: Yeni mədəniyyət məkanına inteqrasiya” kitabından götürülmüşdür. Yeni yüzillikdə hansı mədəniyyət məkanında yaşadığımızı, inteqrasiyanın nə kimi mədəni-mənəvi amillərlə şərtləndiyini göstərən kitabda ümummilli lider Heydər Əliyevin siyasəti mədəni müqəddəratımızın təminatçısı kimi dəyərləndirilir, bu müdrik siyasi xadimin sayəsində Azərbaycanda milli mənəvi intibah və mədəni inteqrasiya üçün geniş üfüqlər açıldığı vurğulanır.
Üç bölmədən ibarət fundamental tədqiqat əsərində filosof alim qloballaşma dövründə mədəniyyətimiz haradadır, hara gedəcək, hər birimiz dövlətimizin bu sahədə apardığı çoxşaxəli fəaliyyətə yardımçı ola bilirikmi suallarına cavab axtarır. Başqa sözlə, Azərbaycan alimi də müasir dünyada öz həllini tələb edən taleyüklü problemlərdən biri olan mədəni inteqrasiyanın mükəmməl modelini müəyyənləşdirməyə çalışır. Çünki mədəni inteqrasiya bəşəriyyətin mənəvi potensialının qorunması, inkişafı və sintezini təmin etmək baxımından dünya birliyi qarşısında duran humanitar və sosial problem kimi çıxış edir.
Əsərdə Avropada sosial-mədəni inteqrasıya məkanının kəşfindən, yeni mədəniyyət məkanının spesifikasından, mədəniyyətin elektron əsrindən və mədəni analitikadan bəhs olunur, ölkəmizə münasibətdə universal inteqrasiya modelindən və milli praktikadan söhbət açılır. Müəllif vurğulayır ki, Azərbaycan da bəşəri ideallara doğru uzun yolda faciələrlə, ağrı-acılarla üzləşmiş, zaman keçdikcə həmin tarixi problemləri bir-birinin ardınca dəf edə bilmişdir. Filosof alimin qənaətinə görə, bunun ən mühüm vasitələrindən biri bəşəri ideyaların, dünya mədəniyyətinin müqəddəs və universal irsi ilə çox yaxından səsləşən, onların daşıyıcısı olan mədəni-tarixi ənənələrimiz, yaşadığımız coğrafi məkanın özünəməxsus missiyası olmuşdur. “Öz coğrafi mövqeyinə görə, dünyəvi dəyərlərə malik olan tarixi-mədəni ənənələrinə görə Azərbaycan Avropanın strateji partnyorudur. Müasir dünyanın qlobal enerji layihələrinin gerçəkləşdiyi məkan, Şərqlə Qərb arasında nəqliyyat dəhlizi, qlobal təhlükəsizliyin təşkili üçün Azərbaycan Avropaya lazımdır. Qarşılıqlı inteqrasiyanın bərabərhüquqlu subyektləri kimi çıxış etmək bu prosesin nüfuzunu daha da artırır. Azərbaycan vətəndaş cəmiyyəti, demokratik və hüquqi dövlət quruluşu istiqamətində Avropa hüquq formalarına doğru hər gün daha da inamla addımlayır. Lakin öz siyasətini yalnız özü müəyyən edir... XXI əsrdə Azərbaycanda zamanın inkişafının başlıca meyilləri aşkar təzahür edir. Azərbaycan siyasi, iqtisadi, mədəni özünütəsdiq mərhələsini yeni əməkdaşlıq formalarının yaradılması ilə uğurlu şəkildə tamamlayır”.
Kitabda inteqrasiyanın baş verdiyi “böyük məkanlar” nəzəriyyəsi, həmçinin onun praktiki konsepsiya kimi Avropada tətbiqi faktları ilk dəfə diqqətə çəkilir.
Eyni zamanda, alim dünya şöhrətli siyasi lider və dövlət xadimi Heydər Əliyevin ideya-siyasi, nəzəri-praktiki irsinin sistem kimi öyrənilməsini elmimizin şərəf borcu sayır, ulu öndəri Şərqin və Qərbin etiraf etdiyi siyasət və dövlət lideri adlandırır, Heydər Əliyevin yaratdığı tarixin beş məqamı üzərində düşünür, ümummilli liderin irsi, milli suverenlik prinsipi və dünyaya inteqrasiya problemini araşdırır. Tədqiqatçı alim dahi şəxsiyyətin nəzəri-praktiki irsinin öyrənilməsi məsələsindən danışarkən AZƏRTAC-ın buraxdığı “Dünyanı heyran qoyan insan” kitabının əhəmiyyətini vurğulayır. Onun qənaətinə görə, burada “Şərq və Qərb məkanının tarix boyu yetişdirdiyi ən görkəmli, bənzəri olmayan şəxsiyyət mövqeyindən dəyərləndirilməyə ilk cəhd edilmişdir”. Professor xatırladır ki, “Dünyanı heyran qoyan insan” kitabında Heydər Əliyevi dünyanın məşhur dövlət xadimləri necə tanımışlar, müasir dünya tarixində onun müstəsna rola malik olduğunu necə görə bilmiş, qiymətləndirməyə nail olmuşlar, özlərinin dövlətçilik fəaliyyətində Heydər Əliyevin idarəetmə elminin nəticələrindən hansı mürəkkəb məqamlarda necə bəhrələnə bilmişlər suallarına cavab verilir. Müəllif həmin kitabdan filosof, akademik Ramiz Mehdiyevin fikirlərini misal gətirir və özünün kitabdan aldığı ilk təəssüratlarından birini belə bölüşür: “Heydər Əliyev müstəqillik arzularına tuş gələn Azərbaycan adlı məmləkətdə tarix boyu dövlətçilik, idarəetmə və siyasi liderlik ənənəsinin və təcrübəsinin çox dərin köklərə malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Əsrlər boyu dünya siyasətində yaxın-uzaq qonşuların bəd əməlləri sayəsində, dünya nizamı və modelində Azərbaycan varlığını əhəmiyyətsizlik dərəcəsinə endirmək, ona qapalı, miskin bir yer ayırmaq arzularını puça çıxardı…”
Şübhəsiz, suveren Azərbaycanın mədəni yüksəliş və intibahının Heydər Əliyev tərəfindən müəyyən edilmiş xətti hazırda dövlətin bu sahədə siyasətinin əsasını təşkil edir, mütərəqqi inkişafın real mexanizminə çevrilir. Qədəm qoyulan hər növbəti il qloballaşmanın məkanlarının daha da genişlənməsini və çulğaşmasını şərtləndirir və yaxın perspektivlər üçün daha konkret məqsədləri hədəfə almağı zəruri edir. Müəllif əmindir ki, bu məqsədlərə nail olunacaqdır: “Azərbaycanlıların indiki nəsli Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran fərqli, yeni vəzifələrin həlli üçün səfərbər olaraq, tariximizdə iyirmi birinci yüzilliyin yalnız uğur və nailiyyətlər əsri kimi qalması istiqamətində əlindən gələni etməkdədir”.
Ön sözdə deyildiyi kimi, bu gün hər bir ölkənin tərəqqisi, bütövlükdə güclü, rəqabətədavamlı mədəni informasiya məkanının formalaşmasından, humanitar potensialın hərtərəfli reallaşdırılmasına şərait yaradan mədəni mühitdən birmənalı şəkildə asılıdır. Lakin alim xəbərdarlıq edir ki, informasiya yalnız təhrif edilən deyil, həm də qərəzli ola bilər. “Həqiqətə xidmət edən informasiyanın ayırd edilməsi qlobal, taleyüklü məsələdir. İnformasiyanın alınıb-satıldığı, müəllifinin anonim olduğu vəziyyətdə sübutedilmə statusunu itirməsi acınacaqlı nəticələrə səbəb olur”. Ona görə də Rəbiyyət xanım əsərində yeni mədəniyyət məkanında, informasiya müharibələrinin səngimədiyi şəraitdə ölkəmizdə informatika analitikasının vəziyyətini də araşdırır.
Əsərdə inteqrasiya prosesləri, tolerantlıq və din amili də təhlil edilir, Avropa məkanında İslama münasibətdən bəhs olunur, qətiyyətlə vurğulanır ki, qlobal sivilizasiyanı sülhə aparan yol tolerantlıqdan keçir. Müəllif yazır ki, “Azərbaycanda dözümlü ictimai mühitin formalaşmasını bu gün və gələcəkdə təmin edən tolerantlığın praqmatik konsensus modeli daim inkişafdadır. Tolerantlıq prezumpsiyası insanlar, dinlər və mədəniyyətlərarası ünsiyyətin rəhbər prinsipinə çevrilmişdir”.
Kitabda vurğulanır ki, dünya və insan mövcud olduqca digər sahələrlə yanaşı, mədəniyyətə də həyati ehtiyac duyulacaqdır. “İnsanların yaradıcı və dağıdıcı energetikasının əbədi savaşı prosesi məhz burada, bu məkanda baş verəcəkdir. Heç bir mükəmməl texnologiya insan ruhunu, qəlbini, mənəvi dünyasını əvəz edə bilməyəcəkdir. İnsanın özünü və dünyanı təkmilləşdirmək əzmi yalnız siyasət və qanunlarla deyil, həm də etik-mənəvi sanksiyalarla müşayiət olunmalıdır. Yalnız bu halda dünyanın gələcəyi, əmin-amanlığı insanların hansı statuslu, fövqəl və ya lider ölkələrə mənsub olması ilə deyil, hansı bəşəri mədəniyyət məkanına mənsub olması ilə müəyyən olunacaqdır”.
######
