YENİ MÖVSÜM “KOROĞLU” OPERASI İLƏ AÇILACAQ
Teatrdan AZƏRTAC-a verilən məlumata görə, uzun illər boyu teatr Azərbaycan milli musiqi və opera sənətinin banisi Üzeyir Hacıbəyovun doğum günü şərəfinə mövsümə “Koroğlu” operası ilə başlamışdır. Lakin son illər Koroğlu rolunun ifaçısının olmaması üzündən tamaşa repertuardan çıxarılmışdı. Yəni mövsüm Ü.Hacıbəyovun “Leyli və Məcnun” və ya “Arşın mal alan” tamaşaları ilə açılırdı. Bu il teatr ənənəsini bərpa edəcək və yenidən öz pərdələrini “Koroğlu” uvertürasının əzəmətli sədaları altında qaldıracaqdır. Tamaşada baş rolu gənc vokalçı, bu yaxınlarda ABŞ-da səhnə incəsənəti üzrə dünya müsabiqəsində böyük uğurla çıxış edən Ülvi Qılınc ifa edəcəkdir. Nigar rolunun ifaçısı bu ilin iyulunda Avstriyada gənc vokalçıların beynəlxalq müsabiqəsində öz parlaq çıxışı ilə yüksək qiymətə layiq görülmüş, xüsusi diplom qazanmış İlahə Əfəndiyevadır. Digər əsas rollarda respublikanın əməkdar artistləri Şahlar Quliyev, Əli Əsgərov və başqaları çıxış edəcəklər.
Zəngin repertuara malik olmasına baxmayaraq teatr bu mövsümdə ölməz dirijor və bəstəkar Niyazinin eyniadlı simfonik muğamı əsasında ikihissəli “Rast” baletini səhnəyə qoyacaqdır. Bu tamaşanın premyerası oktyabr ayında olacaqdır. Orijinallığı ilə fərqlənən baletdə xoreoqrafik rəqslərlə yanaşı zərb alətləri kollektivi və görkəmli muğam ustası Alim Qasımovda çıxış edəcək. 2004-cü ilin sonuna kimi tamaşaçılar C.Verdinin “Trubadur” operasını səhnədə görə biləcəklər.
Mövsüm ərzində Rusiya Akademik Böyük Teatrı, Sankt-Peterburq, Ukrayna, Belorus, Gürcüstan və digər xoreoqrafiya, vokal məktəblərinin ən layiqli nümayəndələrinin, bir sıra Avropa ölkələrinin aktyorlarının, Fransanın istedadlı və tanınmış xoreoqrafı Alen Amberin truppasının teatra dəvət edilməsi nəzərdə tutulmuşdur.