Yeni tədris ili üçün 170 mindən artıq dərslik muxtar respublikaya gətirilib
Naxçıvan, 2 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yeni tədris ilinə hazırlıq işləri sürətlə davam etdirilir. Ümumtəhsil məktəbləri üçün dərslik tələbatı əvvəlcədən müəyyənləşdirilərək sifarişlər verilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 170 mindən artıq dərslik muxtar respublikaya gətirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yaxın günlərdə dərsliklərin şəhər və rayon təhsil şöbələrinə paylanılması prosesinə başlanılacaq. Proses yekunlaşdıqdan sonra isə təhsil şöbələri tabeliklərində olan təhsil müəssisələrinə kitablarını təhvil verərək şagirdlərin dərsliklərlə təminatını həyata keçirəcək.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün bəzi dərsliklərdə məzmun və tərtibat baxımından yenilənmələr aparılıb. Bir neçə adda dərslik təkmilləşdirilərək yenidən nəşr edilib.
Yeni tədris ilindən VI sinif üzrə Azərbaycan tarixi fənni də tədris dilindən asılı olmayaraq bütün məktəblərdə dövlət dilində tədris olunacaq. Buna müvafiq olaraq həmin dərslik dövlət dilində nəşr olunub.