“Yeni Türkiyə” dərgisinin növbəti sayı Sibirdə yaşayan türklərə həsr olunub
Bakı, 27 noyabr, AZƏRTAC
Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin “Yeni Türkiyə” dərgisinin 133-cü sayı bu dəfə Sibirdə yaşayan türklərə həsr olunub.
AZƏRTAC xəbər verir ki, bu elmi araşdırma dərgisində Aida Eyvazlı Göytürkün Saxa Yakutiya türkü olan alimlərindən aldığı müsahibələr dərc olunub. Alimlər Georgi Nikonov və Vasiliy Popov öz müsahibələrində Yakutiyanın tarixə qaranlıq qalan, dünyaya və türklərə belə məlum olmayan səhifələrinə işıq tutublar.
Aida Eyvazlı Göytürkün dərgidəki 20 səhifəlik müsahibələri Avrasiya Yazarlar Birliyinin çapa hazırladığı “Sahaya” kitabından götürülüb. İldə 4 dəfə işıq üzü görən ikicildlik elmi publisitik dərginin bu sayında Türk dünyasının məşhur araşdırmaçı alimləri - Əli Arslan, Turan Akkoyun, Zafer Sever, Bingur Sönmez, Ufuk Tavkul, Andrey Karsin, Erdoğan Altınkaynak, Sadettin Gomeç, Yusif Akbaba və Vəfa Abbasovanın da Sibir türklərinə həsr olunmuş elmi məqalələri və araşdırmaları yer alıb.
Dərginin təsisçisi Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin təsisçisi Hasan Cəlal Gözəldir. O, 2018-ci ildə vəfat edib. Jurnalın redaksiya heyətində Timur Kocaoğlu, Bilgəhan Atsız Gökdağ, Emin Çarıkçı, Sezari Özçelik H.Halil Afşarata, Ali Askar kimi tanınmış türk alimləri təmsil olunurlar.