YENİDƏN BƏRPA EDİLMİŞ CÜMƏ MƏSCİDİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə yenidən bərpa edilmiş Cümə məscidində olmuşdur.
Qəbələdə məscid 1899-1906-cı ildə tikilmiş, 1920-ci ilədək dini ocaq kimi fəaliyyət göstərmişdir. Sonralar binadan savadsızlığın ləğvi klubu, anbar, kinoteatr, mədəniyyət evi, muzey kimi istifadə edilmişdir. 2005-ci ildən bərpa edilərək yenidən dindarların ixtiyarına verilmişdir. Burada eyni vaxtda 1000 nəfər namaz qıla bilir. Rayon mərkəzində başqa bir məscid də vardır.
Prezident İlham Əliyevi burada məscidin axundu ehtiramla qarşıladı, Qurani-Kərim hədiyyə etdi, dövlətimizin başçısına Allah-Təaladan cansağlığı, uzun ömür arzuladı.
Axund məscidi ziyarət etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi ki, Azərbaycanın inkişafı yolundakı fəaliyyətinizdə Allah sizə yar olsun. Xalqın ədalətli Prerzidentisiniz və biz hamımız Sizin uğurlu siyasətinizi dəstəkləyirik və daim Sizə arxa olacağıq.
Prezident İlham Əliyev dindarlara uğurlar və xoşbəxtlik arzulayaraq dedi ki, çox şadam, rayonlarda böyük işlər görülür, yerlərdə vəzifəli şəxslər, icra hakimiyyəti başçıları yaxşı işləyirlər. Abadlıq, quruculuq işləri gedir, problemlərin aradan qaldırılması üçün mühüm tədbirlər görülür. Bütün dövrlərdə xalqın həqiqi lideri olan Heydər Əliyevin uzaqgörən siyasəti indi də öz bəhrəsini verir. Eyni zamanda milli-mənəvi, dini dəyərlərimizin qorunmasında da ulu öndərin böyük xidmətləri vardır.
Qəbələnin qədim Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladan Prezident İlham Əliyev dedi ki, ulu öndərimiz 1970-ci illərdəki fəaliyyəti zamanı Azərbaycanın bugününü düşünürdü. Çünki ən böyük sərvət xalqın, dövlətin azadlığı və xoşbəxtliyidir. Dövlətimizin başçısı bildirdi ki, görülən işlər daha da sürətlənəcəkdir. İstəyirik ki, problemlər tez həll olunsun, lakin bunun zamana da ehtiyacı vardır. Ancaq biz siyasi, iqtisadi istiqaməti düz seçmişik. Əsas odur ki, bölgələr inkişaf etdirilir, onların problemləri həll olunur. Bölgələrin paytaxt Bakının səviyyəsinə çatdırılması üçün çox işlər görülməlidir.
Dindarlar Prezidentə bir daha təşəkkürlərini bildirdilər, ölkəmizdə aparılan quruculuq işlərini yüksək qiymətləndirdilər.