Yevgeni Sloboda: MDB müşahidəçiləri indiyədək heç bir qanun pozuntusu qeydə almayıb
Bakı, 27 oktyabr, AZƏRTAC
MDB-dən olan müşahidəçilər missiyası bu günədək Azərbaycanda seçki qanunvericiliyinə dair heç bir pozuntu qeydə almayıb. Seçki kampaniyası çox sakit keçir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Seçki-2015.az saytına açıqlamasında MDB-dən olan müşahidəçilər missiyası qərargahının rəhbəri Yevgeni Sloboda deyib. O bildirib ki, müşahidə missiyasının normal işləməsi üçün hər cür şərait yaradılıb.
Y.Sloboda MDB-dən olan müşahidəçilərin 10-dan artıq rayonda, eləcə də Bakı, Sumqayıt və Gəncədəki seçki məntəqələrinə baş çəkdiklərini bildirib: “Müşahidələrimiz zamanı əmin olduq ki, məntəqələr texniki təchizat baxımından seçkiyə tam hazırdır. Siyahıların dəqiqləşdirilməsi üzərində işlər yekunlaşmaq üzrədir. Seçicilərə, seçkinin tarixi və vaxtını göstərən, arxa tərəfində isə seçki qaydası əks olunmuş bildirişlər göndərilib. Digər tərəfdən qeyd etmək istərdim ki, komissiyaların işi kifayət qədər açıq və şəffafdır. Biz seçki prosesini tənzimləyən sənədlərlə də tanış olmuşuq. Ona görə hesab edirik ki, komissiya heyəti də yüksək hazırlıq keçib”.
Bildirilib ki, missiya üzvləri MSK-nın iclaslarına da qatılıb və qərarların demokratik, açıq və kollegial şəkildə qəbul edildiyini müşahidə edib. Hazırda missiya Azərbaycandakı seçki qanunvericiliyinin analizini hazırlamaq və təbliğat-təşviqat kampaniyasının gedişini müşahidə etməklə məşğuldur. Seçki prosesi zamanı qeydə alına biləcək pozuntularla bağlı şikayət və ərizələrin baxılmasına məsul olan icra orqanlarına məktublar göndərilib. Şikayət və ərizələrlə bağlı missiyanın analizi oktyabrın 31-dən sonra təqdim olunacaq.