REGİONLAR
Yevlax rayonunun Ərəbbəsrə kəndində modul tipli məktəb binası istifadəyə veriləcək
Yevlax, 11 fevral, AZƏRTAC
Tezliklə Yevlax rayonunun Ərəbbəsrə kəndində modul tipli məktəb binası müəllim və şagirdlərin istifadəsinə veriləcək. 96 şagird yerlik binada hazırda son tamamlanma işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb binası sinif otaqları, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Binaya istilik sistemi, qaz və su xətləri çəkilib, həyətinə asfalt örtük döşənib. İnventar və avadanlıqlar da gətirilib. Hazırda məktəbin həyətində abadlıq işləri aparılır, hasarlar çəkilir.
Qeyd edək ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.