YEVLAXDA SÜNİ MAYALAMA TEXNİKLƏRİNİN RESPUBLİKA SEMİNAR-MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Yevlax, 19 fevral (AZƏRTAC). Yevlax şəhərində kənd təsərrüfatı heyvanlarının süni mayalama texniklərinin respublika seminar- müşavirəsi keçirilmişdir.
Müşavirədə respublikanın 55 şəhər və rayonunun icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinləri, süni mayalama texnikləri, ərazi kənd təsərrüfatı idarələrinin rəisləri, süni mayalama mərkəzlərinin müdirləri iştirak etmişlər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə əklil qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir.
Kənd təsərrüfatı naziri İsmət Abasov son illər respublikada bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da baş vermiş böyük inkişafdan danışmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda heyvandarlıqda süni mayalama tədbirlərinin aparılması mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Dövlət Proqramında 2015-ci ildə süd istehsalının 2,4 milyon tona, ət istehsalının 340 min tona çatdırılması hədəf götürülmüşdür.
Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov müşavirədə çıxış edərək respublikada süni mayalamanın gedişi haqqında məlumat vermişdir. Bildirmişdir ki, həyata keçirilən süni mayalandırma layihəsinə əsasən bu sahəyə son 4 ildə 4 milyon manatdan çox vəsait ayrılmışdır. Cənubi Qafqazda ilk olaraq Göygöl rayonu ərazisində respublika süni mayalama mərkəzi yaradılmışdır. Mərkəzə xarici ölkələrdən, o cümlədən Almaniya və Rusiyadan 23 baş törədici heyvan alınıb gətirilmiş və onlardan toxum istehsalına başlanmışdır. Respublikada son 4 ildə 500 nəfər süni mayalama texniki hazırlanmış, onlar müvafiq mərkəzin istehsal etdiyi toxumlarla işləmişlər.
2009-cu ildə 48 min 963 baş inək, camış və düyə süni mayalandırılmış, hələlik 23 min 300 baş sağlam buzov və balaq alınmışdır. 2015-ci ilə kimi respublikada 470 min baş inək və camışın süni mayalandırılması nəzərdə tutulmuşdur. Ötən il hər inək və camışdan orta hesabla 1131 kiloqram süd sağılmışdır.
Süni mayalamanın həyata keçirilməsi nəticəsində mal-qaranın cins tərkibi yaxşılaşdırılacaqdır. Ona görə də 2015-ci ildə hər inək və camışdan süd sağımının orta hesabla 2 min kiloqrama çatdırılması proqnozlaşdırılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin sektor müdiri Ramiz Salmanov, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Elman Ramazanov, Nefçalanın Boyad kəndindən süni mayalama texniki Şıxəli Baloğlanov, Samux ərazi kənd təsərrüfatı idarəsinin rəisi Ziyad Abbasov müşavirədə çıxış etmişlər.
Seminar-müşavirədə 2009-cu ildə heyvanların süni mayalandırılması sahəsində ən yüksək göstəricilər qazanmış texniklərə Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanları və pul mükafatları verilmişdir.
######
