Yol polisi paytaxtda karantin rejiminə əməl olunmasına ciddi nəzarət edir
Bakı, 20 aprel, AZƏRTAC
Yol polisi əməkdaşları paytaxtda xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar paytaxtın müxtəlif ərazilərində, yollarında qurulmuş postlarda yoxlamalar davam etdirilir. Müvəqqəti yaradılan postlarda yol polisi ilə yanaşı, Post Patrul Xidmətinin, Əlahiddə Çevik Polis Alayının əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən sürücülər saxlanılaraq buraxılış sənədlərinin olub-olmaması yoxlanılır. Təəssüflər olsun ki, yoxlamalar zamanı hələ də müvafiq icazəsi olmadan yaşayış yerlərini tərk edən, eləcə də lüzumsuz yerə nəqliyyat vasitələri idarə sürücülər aşkarlanır. Belə hallardan biri Nərimanov rayonu ərazisində qeydə alınıb. Belə ki, rayon ərazisində qurulan müvəqqəti postda aparılan yoxlama zamanı “Hyundai” markalı avtomobildə olan sərnişinin icazəsi olmadan yaşayış yerini tərk etməsi müəyyənləşib və onun barəsində müvafiq tədbirlər görülüb.
Karantin rejimini pozan şəxslərə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq edilir.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 19-u saat 00:00-dan aprelin 20-si saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1874 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.
Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 31516 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Xatırladaq ki, xüsusi karantin rejimi aprelin 20-si saat 00:00-dan mayın 4-ü saat 00:00-dək uzadılıb. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması mayın 4-ü saat 00:00-dək uzadılıb.