Yüksək Texnologiyalar Parkı milli kosmetik məhsulların istehsalına dəstək verəcək
Bakı, 15 fevral, AZƏRTAC
Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının onlayn iclası keçirilib.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, iclasda “AZCOSMETICS GROUP” MMC-nin YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim etdiyi layihə müzakirə olunub.
Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxışında akademiyanın elmi müəssisə və təşkilatları arasında əməkdaşlığın inkişafında Şuranın rolunu önə çəkərək deyib: “Ekspertlər Şurası innovativ təklif, ideya və elmi nailiyyətlərin YT Park vasitəsilə reallaşdırılması və kommersiyalaşdırılması, daxili və xarici bazara çıxarılması funksiyasını icra edir. Həmçinin yeni rezidentlərin seçilməsi ilə yanaşı, YT Parka elmi dəstək vermək, elm və istehsalat arasında intellektual körpü yaratmaq vəzifəsini yerinə yetirir”.
Sonra “AZCOSMETICS GROUP” MMC-nin direktoru Ulduza Xanlarova rəhbərlik etdiyi qurum haqqında məlumat verib, bu müəssisənin Azərbaycan məhsulu olan saç boyaları istehsalını həyata keçirəcəyini vurğulayıb. Respublikamızda qeyd olunan sahəyə tələbatın yüksək olduğunu deyən şirkət direktoru qeyd edib ki, müvafiq istehsalın təşkili, ilk növbədə, ölkəmizdən saç boyası üçün xaricə gedən valyuta axınının qarşısını alacaq, digər ölkələrdən alınan və böyük vəsait tələb edən məhsullarla müqayisədə üç dəfəyədək sərfəli qiymətə olması isə tələbatın yerli istehsal hesabına ödənilməsinə şərait yaradacaq.
Direktor qeyd edib ki, şirkət tərəfindən gələcəkdə şampun, balzam, krem, müxtəlif kosmetik yağlar və dəriyə digər qulluq vasitələrinin istehsalı, eləcə də bu məhsulların ixracı planlaşdırılır. Ölkəmizdə yetişən təbii məhsullardan istifadə etməklə əldə olunan saç boyaları istehsalını hədəfləyən müəssisə “Ağ Naftalan yağı”ndan istifadə etməklə kremlərin hazırlanmasını da nəzərdə tutur. YT Parkda müəssisənin fəaliyyətə başlaması üçün hazırlıq işləri görülüb, avadanlıqlar və xammalın satıcısı olan şirkətlərlə ilkin danışıqlar aparılıb və müəyyən razılıqlar əldə edilib.
U.Xanlarova rəhbərlik etdiyi müəssisə tərəfindən istehsal olunan məhsulların ekologiyaya, insan sağlamlığına təsiri, keyfiyyəti, tərkibi və qiyməti ilə bağlı ona ünvanlanan sualları cavablandırıb.
Müzakirə və çıxışlardan sonra “AZCOSMETICS GROUP” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.
Sonda akademik R.Əliquliyev çıxış edərək saç boyaları üzrə elmi və texnoloji səviyyədə tədqiqatların aparılmasının zəruriliyi məsələsinə toxunub. O, “AZCOSMETICS GROUP” MMC-nin YT Parkda fəaliyyətə başlaması ilə akademiyada bu istiqamətlərdə araşdırmalara yer ayrılması sayəsində milli boya məhsullarının istehsalının həyata keçiriləcəyini vurğulayıb.
R.Əliquliyev qeyd edib ki, böyük rəqabət mühitinə malik bu kimi layihələrin həyata keçirilməsi təşəbbüskara Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında yaxından iştirak etmək imkanı verməklə yanaşı, ölkə iqtisadiyyatının inkişafına töhfələr verəcək, milli məhsulların dünya bazarına çıxarılmasına şərait yaradacaq. O, müəssisənin akademiyanın elmi-intellektual potensialından səmərəli istifadə edəcəyinə, YT Parkda təqdim olunan güzəşt və imtiyazlardan məqsədyönlü şəkildə faydalanacağına inamını ifadə edib.