İDMAN
Yunan-Roma güləşçilərimizin U-17 Avropa çempionatında dörd bürünc medal şansı var
Bakı, 13 iyun, AZƏRTAC
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı başlayıb.
AZƏRTAC xəbər verir ki, çempionatın ilk günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.
Mübarizəyə dörddəbir finaldan qoşulan Elnar Ziyadov (48 kq) ermənistanlı Liparit Mkrtçyana 6:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. E.Ziyadov finalın bir addımlığında gürcüstanlı Yuri Çapidzeyə uduzub - 4:6. Təmsilçimiz bürünc medal uğrunda Viktor Postika (Moldova) - Yonut Mereuta (Rumıniya) görüşünün qalibi ilə güləşəcək.
Millimizin üzvü Ayxan Cavadov (55 kq) israilli David Şevçenko və albaniyalı Mikel Tropliniyə 9:0 hesabı ilə qalib gəlsə də, dörddəbir finalda gürcüstanlı Erekle Tavberidze ilə bacarmayıb - 1:9. Rəqib finala yüksəldiyi üçün A.Cavadov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Güləşçimiz Qabriele Puçer (İtaliya) - Kais Mebasti (Fransa) qarşılaşmasının qalibi ilə qarşılaşacaq.
Murad Zeynalabdinov (65 kq) norveçli Eliyah Neveni (5:0) üstələsə də, səkkizdəbir finalda isveçli Ruben Straakverdə xalların keyfiyyətinə görə (6:6) məğlub olub.
Çempionatda 80 kiloqram çəki dərəcəsində çıxış edən Elmin Əliyev estoniyalı Markus Uhtyaerv (9:0), almaniyalı Anton Buxolz (3:1) və türk Emir Dayal (8:0) üzərində əldə etdiyi qələbələrlə adını yarımfinala yazdırıb. Həmyerlimiz finalın bir addımlığında macarıstanlı İştvan Şinaya uduzub - 0:9. E.Əliyev bürünc medal uğrunda güləşəcək.
Mahir Qurbanlı (110 kq) debütdə polşalı Yakub Liseki (5:2) mübarizədən kənarlaşdırsa da, dörddəbir finalda rusiyalı Yevgeni Repkinə 1:4 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün M.Qurbanlı təsəlliverici görüşdə slovakiyalı Andreas Kernlə üz-üzə gələcək.
Təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar bu gün keçiriləcək.