YUNAN-ROMA GÜLƏŞİ ÜZRƏ YIĞMA KOMANDANIN BAŞ MƏŞQÇİSİ ELÇİN CƏFƏROVUN ÇIXIŞI
Hörmətli xanımlar və cənablar!
XXVIII Yay Olimpiya Oyunları Respublikamızın idman həyatı üçün çox əlamətdar olmuşdur. Afina Olimpiadasında idmançılarımız tərəfindən 5 medal qazanılmışdır. Bu isə ötən illər ərzində Olimpiya Oyunlarına qatılmış idmançılarımızın nəticələri ilə müqayisədə rekord göstəricisidir. Baş məşqçisi olduğum yunan-Roma güləşində ölkəmizin idmançısı Afina Olimpiadasının ən yüksək mükafatını – qızıl medalını qazanmışdır. Bu medal vətənimiz üçün bir də ona görə qiymətlidir ki, o, olimpiadalarda iştirakımızın tarixində bu idman növü üzrə ilk medaldır.
İndiki Olimpiya Oyunlarına hazırlığın ilk günlərindən başlayaraq, müvafiq idman qurumları tərəfindən tərtib edilən hazırlıq proqramı və onun düzgün həyata keçirilməsi, məqsədyönlü fəaliyyət, məşqçilərin və idmançıların hər kiçik probleminə həssaslıqla yanaşılması bugünkü uğurumuzun əsasını qoymuşdur. Bu müvəffəqiyyət biz məşqçilər üçün də böyük sevincdir.
Möhtərəm Prezident!
Afina Olimpiya Oyunlarına hazırlıq ilk günlərdən dövlətin nəzarəti altında olmuşdur. Milli Olimpiya Komitəsi də öz imkanlarından istifadə edib bu hazırlığı yüksək səviyyədə təmin etmişdir.
Afina Olimpiadasında idmançılarımız onlara bəslənən ümidləri doğruldaraq, yüksək nailiyyətlər qazanmış, respublikamızda olimpiya hərəkatının inkişafını nümayiş etdirmişlər. Medal əldə edə bilməyib ilk səkkizliyə düşən cüdo, taekvondo, ağır atletika kimi idman növlərini təmsil edən idmançılarımız da Olimpiya Oyunlarında ləyaqətlə çıxış etmişlər.
Cənab Prezident!
Mən qətiyyətlə deyirəm ki, Sizin dəstəyiniz olmadan biz belə yüksək nailiyyət qazana bilməzdik. Mən yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi kimi fəxrlə deyirəm ki, bizim qələbəmiz Sizin qələbənizdir.
Bu möhtəşəm idman yarışı zamanı Sizin Afinada olmağınız, daim tövsiyələrinizi verməyiniz, idmançılarımızın çıxışlarını dərin maraqla izləməyiniz onları ən güclü rəqiblərinə qarşı əzmlə mübarizə aparmağa ruhlandırmışdır.
Fürsətdən istifadə edib bu böyük qələbənin qazanılmasında göstərdiyiniz böyük xidmətə görə Sizə dərin təşəkkürümü bildirirəm. Həmçinin bu nəticənin əldə olunması üçün çalışmış bütün idman təşkilatlarına – Güləş Federasiyasına, Dövlət Neft Şirkətinə, Müdafiə Nazirliyinə öz təşəkkürümü bildirirəm və Sizi əmin edirəm ki, yeni idmançılar nəslinin yetişdirilməsində var qüvvəmlə çalışacağam.
Diqqətinizə görə çox sağ olun!
X X X
Dövlətimizin başçısı İlham Əliyev görüşdə yekun nitqi söylədi.