YUNANISTAN AZƏRBAYCANLA MÜDAFİƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ ETMƏK NİYYƏTİNDƏDİR
Bu fikir Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin yanvarın 11-də diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Yunanıstanın ölkəmizdəki səfiri Merkurios Karafotias ilə görüşündə səslənmişdir. Nazir ötən dövrdə Azərbaycan-Yunanıstan münasibətlərinin xeyli inkişaf etdiyini vurğulamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfir Merkurios Karafotias ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində az iş görülmədiyini söyləmiş, Yunanıstanın Azərbaycanla bütün sahələrdə, o cümlədən, müdafiə sahəsində də əməkdaşlıq etmək əzmində olduğunu bildirmişdir.
General-polkovnik Səfər Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, Ermənistanın təcavüzkarlıq siyasəti həyata keçirdiyini, işğal etdiyi Azərbaycan ərazilərində məskunlaşdırma siyasəti apardığını və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamənin tələblərini yerinə yetirmədiyini diqqətə çatdırmış və demişdir ki, bizi təəccübləndirən dünya ictimaiyyətinin bu vaxta qədər Ermənistanı təcavüzkar dövlət kimi tanımamasıdır. Hər keçən gün müharibənin yenidən başlanması ehtimalını artırır. Azərbaycan öz torpaqlarının bir qarışını da güzəştə getməyəcəkdir.
Səfir öz ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında Azərbaycan Prezidentinin, ATƏT-in səylərini dəstəklədiyini vurğulamış və demişdir ki, biz bu problemin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəyirik. Bu bizim qəti mövqeyimizdir.
Sonda nazir Səfər Əbiyev səfir Merkurios Karafotiasa Azərbaycandakı fəaliyyətinə görə bir daha təşəkkür etmiş, ona işində uğurlar arzulamışdır.