Yunanıstan portalı Azərbaycanın multikultural dəyərlərindən bəhs edən məqalə yayıb
Bakı, 10 fevral, AZƏRTAC
Yunanıstanda fəaliyyət göstərən “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun müəllifliyi ilə bu ölkənin “karfitsa.gr” informasiya portalında ölkəmizin multikultural dəyərlərindən bəhs edən məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar Sərəncam imzaladığı, həmin il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirildiyi, hazırda isə paytaxtımızda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Qeyd edilib ki, Azərbaycan xalqı əsrlər boyu multikulturalizm ənənələrinə malik olub. Azərbaycan dünyəvi dövlətdir, qədim dövrlərdən müxtəlif dinlərin və dini hərəkatların sülh və rahatlıq içində mövcud olduğu məkandır. Burada multikulturalizm dəyərlərinin təkcə dini, musiqini və mədəniyyəti deyil, həm də siyasəti, iqtisadiyyatı, dövlət idarəetməsini, ictimai həyatı, elm və digər sahələri əhatə etdiyi, Azərbaycan poeziyasında müxtəlif dinlərin müqəddəslərinə, müxtəlif xalqların alimlərinə, filosoflarına, nasir və şairlərinə dərin hörmətin əks olunduğu vurğulanıb.
“Müxtəlif dinlərin və millətlərin nümayəndələri əsrlər boyu Azərbaycanda bir ailə kimi yaşayıblar. Azərbaycan tolerantlıq və mültikulturalizm nümunəsi kimi bütün dünyaya örnəkdir”, - deyə müəllif əlavə edib.