YUNESKO-NUN BAŞ DİREKTORU KOİŞİRO MATSUURANIN ÇIXIŞI
- Zati-aliləri cənab Prezident!
Hörmətli xanım Əliyeva!
Hörmətli mədəniyyət naziri!
Hörmətli qonaqlar!
Hörmətli dostlar, xanımlar və cənablar!
Mən bugünkü təməlqoyma mərasimində iştirakımdan dərin məmnunluq hissi duyuram. Sizinlə birgə bu mərasimdə iştirak etməyimdən çox şadam. Yaradılacaq Beynəlxalq Muğam Mərkəzi, şübhəsiz ki, öz töhfəsini verəcəkdir. Mədəniyyət nazirinin dediyi kimi, 2003-cü ilin noyabr ayında Azərbaycan muğamının 28 əsəri qeyri maddi-mədəni irs siyahısına daxil edilmişdir. Bu da YUNESKO-nun ikinci bəyannaməsində əks olunmuşdur. Bildiyiniz kimi, bu ilin mart ayından sentyabr ayına qədər Yaponiyada beynəlxalq sərgi keçirilmişdir və mən orada qərar qəbul etdim ki, iyulun 27-də həmin sərgidə BMT günü qeyd olunsun. BMT günü zamanı mən dünyanın qeyri maddi-mədəni irsi siyahısına daxil olan əsas musiqi əsərləri sırasında məhz Azərbaycan muğamının da səsləndirilməsi, təqdim olunması qərarına gəlmişdim və bu mərasim çox yaxşı təşkil edilmişdi.
Xanım Mehriban Əliyevaya mən xüsusi minnətdarlığımı bildirirəm ki, Azərbaycanın muğam ustalarından ibarət bir qrupun həmin vaxt Yaponiyaya göndərilməsinə öz yardımını göstərdi. Buna görə də ona ürəkdən minnətdaram. Orada muğamı dinləyən bütün yaponlar, ümumiyyətlə, digər ölkələrdən gəlmiş sərgi iştirakçıları bundan çox böyük və xoş təəssürat aldılar.
Mən bu gün buraya gəlməmişdən əvvəl İçərişəhərdə oldum. Onu da deyim ki, İçərişəhər də bu günlərdə dünyanın mədəni irsi siyahısına daxil edilmişdir. Bu təşəbbüs maddi mədəniyyət abidələrinin qorunmasına dair 1972-ci ildə qəbul olunmuş Konvensiya çərçivəsində qaldırılmışdır.
Bu konvensiya şifahi və qeyri-maddi mədəni irsə aid deyildir. Bunu nəzərə alaraq, YUNESKO 2003-cü ildə qeyri maddi-mədəni dəyərlərin qorunması ilə bağlı yeni bir konvensiya qəbul etdi. Bu Konvensiyanın müddəalarına uyğun olaraq, Azərbaycan muğamı da qeyri-maddi mədəni dəyərlərin biri kimi, həmin Konvensiyanın əks etdirdiyi siyahıya daxil olundu.
Azərbaycan muğamının əsas əsərləri bundan sonra qorunmağa başlandı. Mən sizə məlumat vermək istəyirəm ki, bu proses davam edəcək və bu siyahıya gələcəkdə muğam sahəsində yeni əsərlər də daxil olunacaqdır.
YUNESKO maddi və qeyri-maddi mədəni irslərin qorunmasında çox qətiyyətlidir, əzmlidir. Bu mənada adlarını çəkdiyim iki konvensiya hüquqi baxımdan çox mühüm sənədlərdir.
Beynəlxalq Muğam Mərkəzi muğamın təbliğ olunmasında, onun tam qorunmasında və dünyada daha da tanıdılmasında xüsusilə əhəmiyyətli rol oynayacaqdır. İnanırıq ki, bu nümunəyə uyğun olaraq, bütün dünyada qeyri-maddi mədəni irsun qorunmasına daha da böyük diqqət yetiriləcəkdir.
Bu gün burada cənab Prezident İlham Əliyevlə, xanım Mehriban Əliyeva və YUNESKO-nun xoşməramlı səfirləri ilə birlikdə təməlqoyma mərasimində iştirak etməkdən böyük məmnunluq duyduğumu bir daha ifadə edirəm. Sağ olun.
X X X
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.