YUNESKO-NUN BAŞ DİREKTORU KOİŞİRO MATSUURANIN ÇIXIŞI
- Cənab Prezident Əliyev və xanım Əliyeva!
Cənab Baş nazir, cənab Spiker!
Cənab Prezidentin İcra Aparatının rəhbəri!
Cənab nazirlər!
Xanımlar və cənablar!
Cənab Prezident Əliyev və xanım Əliyeva, ilk növbədə, mənə və həyat yoldaşıma göstərdiyiniz xoş qonaqpərvərliyə görə sizə dərin təşəkkürümü bildirmək istərdim.
Məhz Sizin diqqətiniz və xanım Əliyevanın diqqəti sayəsində hamımız bu səfərdən çox xoş təəssürat alırıq. Cənab Prezident, mən xüsusilə də Sizə öz minnətdarlığımı bildirirəm ki, sərəncam imzaladınız və məni Azərbaycan Respublikasının yüksək ordeni ilə təltif etdiniz. Buyurun, görə bilərsiniz, mən bu gecə bu ordeni yaxama taxmışam.
Son illər ərzində Azərbaycan və YUNESKO arasında əməkdaşlıq bir çox sahələrdə uğurla inkişaf etmişdir. Beş il əvvəl Azərbaycana mənim ilk səfərim baş tutdu. Mən xüsusilə vurğulamaq istəyirəm, həmin vaxtdan etibarən biz Azərbaycanda maddi və qeyri-maddi mədəni irsin qorunması sahəsində böyük işlər görmüşük və irəliləyişə nail olmuşuq.
Xanım Əliyeva, mən sizə çox minnətdaram ki, YUNESKO-nun xoşməramlı səfiri olmaq təklifini qəbul edərək, bizim cərgəmizə qoşulmuş və Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliğində, qorunmasında bu günə qədər böyük xidmətlər göstərmisiniz.
Cənab Prezidentin dediyi kimi, biz bir il öncə YUNESKO-nun iqamətgahında görüşərək, Azərbaycanla YUNESKO arasında səmərəli əməkdaşlığın və mövcud olan münasibətlərin hansı yolla daha da möhkəmləndirilməsini geniş formatda müzakirə etmişdik. Məhz bu məqsədlə, cənab Prezident, bu gün Sizinlə Birgə rəsmi məlumatı imzaladıq. Bu sənəddə əsas məqamlardan biri də odur ki, Azərbaycan və YUNESKO arasında mövcud olan əməkdaşlığın gələcək illərdə hansı yolla inkişaf etdirilməsi göstərilir. Mən mədəni irsin qorunması və xüsusən, təhsil sahəsindəki əməkdaşlığımızı nəzərdə tuturam.
Biz Azərbaycanla təhsil sahəsində indiyədək əməkdaşlıq etmişik. Lakin bundan sonra əməkdaşlığımızı daha da hərtərəfli etmək üçün xüsusilə Azərbaycanın təhsil sistemində aparılan islahatlar prosesində birgə işləməyimizə söz veririk. Çalışacağıq ki, bundan sonra Azərbaycanda yüksək keyfiyyətli təhsilin təmin olunmasında nailiyyətlər əldə edək.
Biz bu günlərdə YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın iki başlıca sütununu, təməl daşını qoyduq. Bunun birincisi, mədəni irsin qorunması, ikincisi isə təhsil sahəsindəki əməkdaşlığımızdır. Cənab Prezident, bu gün mən təməlqoyma mərasimində iştirak etməkdən çox şad oldum. Yadımdadır, mənə dediniz ki, bu muğam mərkəzi tikiləndən sonra bir daha Azərbaycana səfər edib onun açılış mərasimində də iştirak edərsiniz. Mən məmnuniyyətlə gələcəyəm.
Cənab Prezident, əminəm ki, mən bu Muğam Mərkəzinin açılış mərasiminə gələndə mədəni irsin qorunması və təhsil sahəsində Azərbaycanda hansı yeni irəliləyişin və müsbət nəticələrin əldə olunduğunu Sizinlə birgə müzakirə etmək imkanımız olacaqdır.
Buna görə də mən hamını dəvət edirəm ki, badələrimizi qaldıraq, cənab Prezidentə fəaliyyətində uğurlar arzulayaq, ona və xanım Əliyevaya möhkəm cansağlığı arzulayaq. Sağ olun.