YUNESKO-NUN HİNDİSTANLI XOŞMƏRAMLI SƏFİRİ MADANCİİT SİNQHİN ÇIXIŞI
- Möhtərəm cənab Prezident!
Mən də ürək sözlərimi demək istəyirəm. Bizə göstərdikləri qonaqpərvərliyə görə Prezident İlham Əliyevə, xanım Mehriban Əliyevaya və hörmətli dostlara təşəkkür etmək mənim üçün böyük şərəfdir. Bu gün çox məhsuldar bir gündür və bir çox işlərin öhdəsindən gəlmişik.
Mən YUNESKO-nun xoşməramlı səfiriyəm. Mənim yaşım YUNESKO-nun tarixi qədərdir. Bu təşkilatın xoşməramlı səfiri olduqdan sonra 10 kitabım çıxıb və ilk əsərim mədəniyyət və incəsənətə həsr edilmişdir. YUNESKO-nun uzun illər fəaliyyətini izləmişəm və deyə bilərəm ki, ötən 50 il ərzində bu təşkilat məramını yerinə yetirərək mədəniyyət, incəsənət sahəsində böyük nailiyyətlər qazanmışdır. YUNESKO-nun bir çox baş direktorları ilə görüşmüşəm, ancaq onların arasında əvəzolunmaz xidmətləri ilə yadda qalan cənab Matsuuradır. Onun səylərini biz yüksək qiymətləndiririk.
Ötən il Kabul şəhərində Mədəniyyət İnstitutunun tikilməsi ilə bağlı mənim iştirakımla YUNESKO ilə Əfqanıstan arasında saziş imzalanmışdı. Həmin işlərin davamı olaraq, cənab Matsuuranın dəstəyini hiss etdik. O, nəinki öz təşkilatı vasitəsilə, digər təşkilatlar və tərəfdaşlar vasitəsilə, Yaponiya, İtaliya və Almaniyanın dəstəyi ilə institutun yaradılmasına yardım etdi. Əfqanıstan müəllimləri bu təhsil ocağında təkmilləşmə kursları keçirlər.
Bu gün təməlqoyma mərasimində iştirak etdikdən sonra tam əminliklə bildirirəm ki, YUNESKO 50 il ərzində ali, ülvi məqsədlər naminə mədəni irsin qorunması sahəsində necə işləyibsə, Beynəlxalq Muğam Mərkəzi açılandan sonra bu, yeni nailiyyət olacaqdır.
Mən ölkənizin birinci xanımı Mehriban Əliyevaya öz adımdan və həmkarlarım xoşməramlı səfirlər adından dərin təşəkkürümü bildirirəm. Xüsusi vurğulamaq isəyirəm ki, bu günlər Mehriban xanımın bizimlə olmasını, işçilərimizə yardımçı olmasını görməkdən çox şad oldum.
Hamınızı əmin etmək istəyirik ki, bu cür xoş və yaddaqalan qonaqpərvərlik bizim xatirimizdə daim yaşayacaqdır. Çox sağ olun.
X X X
Sonra Azərbaycanın incəsənət ustalarının iştirakı ilə konsert oldu.