“Zaman” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunmuşdur
İstanbul, 20 yanvar (AZƏRTAC). Nüfuzlu “Zaman” qəzetində Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun 20 Yanvar faciəsindən bəhs edən məqaləsi dərc olunmuşdur.
Məqalədə vurğulanır ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan üçün qanlı faciə olmaqla yanaşı, həm də xalqımızın tarixində şərəf səhifəsidir. Türk və müsəlman olan, ərazisini erməni təcavüzündən qorumaq və azadlığı uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqı həmin gecə totalitar sovet rejimi tərəfindən amansız qətliama məruz qalmışdır.
Ulu öndər Heydər Əliyev 1987-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra Moskvada Azərbaycana qarşı münasibətin pisləşdiyini xatırladan müəllif qeyd edir ki, 20 Yanvar hadisələri ərəfəsində sovet rejimi rəhbərliyinin qərarı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməniləri dəstəkləyən xüsusi idarəetmə tətbiq edilmişdi. SSRİ DTK-sının əli ilə azərbaycanlılardan ov silahlarının belə toplandığı şəraitdə ermənilər kütləvi şəkildə silahlandırılırdı.
Məqalədə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalaması, bu sənədin xalqa açıqlanmasının gecikdirilməsi, dinc insanların vəhşicəsinə qətlə yetirilməsi, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatını risk altında qoyaraq hadisələrin ertəsi günü Moskvada bu qırğını pisləyən bəyanatla çıxış etməsi də yer almışdır.
Müəllif vurğulayır ki, dünyanın aparıcı dövlətlərinin bu qanlı hadisələrə lazımi qiymət verməməsi, hətta faciənin günahkarı olan M.Qorbaçovun Nobel sülh mükafatına layiq görülməsi hələ o dövrdə ikili standartlar siyasətinin mövcudluğundan xəbər verir. Bu biganəlik erməniləri daha da azğınlaşdırmış, daha sonra Xocalı soyqırımı və digər qətliamlar törədilmişdir. Qanlı Yanvar hadisələrinə obyektiv siyasi və hüquqi qiymət yalnız 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisində qəbul edilmiş qərarla verilmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul