Zaqatala ziyalısı: Düşmən üzərində Qələbə Azərbaycan xalqının birliyinin təntənəsidir
Zaqatala, 23 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Ürəyimizin ağrısına, kədərimizə, nisgilimizə çevrilən Qarabağ düyünü axır ki, çözüldü. Qarabağ problemi həyatımızın bütün sahələrini o qədər dərindən çulğalamışdı ki, bu məsələ həll olunmayanadək Azərbaycan xalqı dinclik tapa bilməzdi. Nəhayət, o böyük gün gəlib çatdı. Bizləri inanılmaz dərəcədə xoşbəxt edən Qələbə xəbərini Müzəffər Ali Baş Komandanımız İlham Əliyev böyük sevinc, qürur və məmnunluq hissi ilə xalqa çatdırdı. Onu da dönə-dönə vurğuladı ki, bu Qələbə bizim birliyimizin təntənəsidir. Bu Qələbə Azərbaycan xalqının bir yumruq kimi birləşərək düşmənin başına endirdiyi zərbədir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Zaqatala” qəzetinin redaktor müavini, Əməkdar mədəniyyət işçisi Elmira Mehdiyeva söyləyib.
Rayon ziyalısı bildirib ki, 44 gün davam edən və böyük zəfərlə sona çatan müharibəni biz 1988-ci ildən bəri gözləyirdik. Bu müddət ərzində mənfur düşmən torpaqlarımızın 20 faizdən çoxunu işğal etmiş, bir milyon soydaşımızı qaçqın və məcburi köçkün durumuna salmışdı. “Əslində, bu işğalın tarixi çox uzaqlara gedib çıxır. Xalqımız 200 ildən çoxdur ki, zaman-zaman mənfur düşmənin törətdiyi vəhşiliklərlə üz-üzə qalıb. Erməni qəsbkarları öz havadarlarının dəstəyi ilə əliyalın xalqı əzəli torpaqlarını tərk etmək məcburiyyətində qoymuşdu. Lakin ilahi ədalət deyilən bir məfhum da var. Zülm, işğal, zorakılığın da sonu var. Bütün dünya erməni işğalını nə qədər dəstəkləsə də, onların Azərbaycana qarşı törətdikləri vəhşilikləri görməzdən gəlsə də, nə vaxtsa haqqın qarşısında diz çökməli idi. Necə ki, çökdü”,- deyə Elmira Mehdiyeva vurğulayıb.
Ordumuzun sentyabrın 27-də başladığı zəfər yürüşü zamanı ermənilərin rəzil, məğlub, alçaq duruma düşdüklərini bildirən rayon ziyalısı deyib: “Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandanından canı qədər sevdiyi Vətən torpaqlarının azad edilməsi uğrunda döyüş əmri almışdı. Ardıcıl qələbə xəbərləri gəldikcə, kəndlərimiz, rayonlarımız biri-birinin ardınca işğaldan azad edildikcə düşmənin nə qədər qeyri-peşəkar, qeyri-insani döyüş apardığını bütün dünya gördü. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi isə sanki bir möcüzə oldu. Şuşa alınmaz qala idi. Düşmən Şuşa ətrafında elə güclü mühafizə zolaqları yaratmışdı ki, onun alınmasını təsəvvürünə belə gətirmirdi. Şuşanın fəthi ilə Azərbaycan əsgəri bir daha öz gücünü, qırılmaz əzmini bütün dünyaya göstərdi”.
Müharibənin davam etdiyi günlərdə 10 milyonluq Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşərək tarixi zəfərin əldə edilməsinə böyük töhfə verdiyini vurğulayan Elmira Mehdiyeva bildirib ki, nəhayət, hərb meydanında qazandığımız qələbələrimizi siyasi meydandakı uğurumuz tamamladı. Düşmən Prezident İlham Əliyevin qətiyyətli mövqeyi qarşısında tab gətirmədi və öz məğlubiyyətini təsdiqləmək məcburiyyətində qaldı. Kapitulyasiya aktını imzalayan düşmən qarşısında güclü ordunun, müdrik siyasi xadimin və qətiyyətli bir xalqın dayandığını acizanə etiraf etdi.
Elmira Mehdiyeva, həmçinin deyib: “Hadisələr o qədər sürətlə cərəyan edir ki, onun hər anı ayrıca müzakirə mövzusudur. Biz tarixi günlər, tarixi anlar yaşayırıq. Biz öz məğrurluğumuzu bütün dünyaya sübut etdik. Artıq erməni mifi məhv olub, yerində Azərbaycanın məğlubedilməzliyi var. Siyasi yolla əldə etdiyimiz qələbənin dadını da artıq dadmışıq. Ağdam heç bir güllə atılmadan, şəhid verilmədən işğaldan azad olundu. Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın təhvil veriləcək. Qələbə ardınca qələbə. Gözün aydın olsun, Azərbaycan! Qarabağ Azərbaycandır! Səni hələ çox zəfərlər gözləyir, ulu diyar Azərbaycan!”.