REGİONLAR
ZAQATALADA TÜTÜN İSTEHSALI ARTMIŞDIR
Zaqatala Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2005-ci ildə rayonda quru tütün istehsalı 3 min 224 tona çatmışdır. Bu, əvvəlki ilə nisbətən 3,8 faiz çoxdur. Tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində rayonun fermer təsərrüfatlarında bu qiymətli bitkinin əkinlərinə maraq daha da artmış, əkin sahələri əvvəlki ilə nisbətən 42 hektar genişləndirilərək 1205 hektara çatdırılmışdır. Əkin sahələrinin 183 hektarını “Berley” və “Virciniya” kimi ətirli tütün sortları təşkil edir. Rayonda bu sahədə çalışan mövsümi işçilərin sayı 210 nəfər artmışdır.
Ötən il rayonda digər bitkilərin əkin sahələri də əvvəlki ilə nisbətən 400 hektar genişləndirilmiş və daha 179 nəfər mövsümi işçilərə cəlb olunmuşdur.
Bitkiçilik məhsulları istehsalının artması nəticəsində kənd sakinlərinin pul gəlirləri əvvəlki ilə nisbətən 2,2 dəfə çoxalmışdır.