Zaqatalada Vətən müharibəsi şəhidlərinin ailə üzvləri diqqət və qayğı ilə əhatə olunublar
Zaqatala, 31 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailə üzvlərinin mənəvi və sosial durumu Zaqatala rayon rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları mütəmadi olaraq şəhid ailələrinə baş çəkir, onların problemləri ilə maraqlanır, ailələrə mənəvi dəstək olurlar. Belə görüşlərin əsas məqsədi Vətən müharibəsində övladlarını, ailə başçılarını, qardaşlarını itirmiş ailələrin sosial vəziyyətini diqqət mərkəzində saxlamaq, ailə üzvlərinin mənəvi-psixoloji durumunu yüksəltmək, belə ailələrin rifah halının Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daim diqqət mərkəzində olduğunu, dövlətimiz tərəfindən hər cür dəstəklə əhatə olunduqlarını ailə üzvlərinin diqqətinə çatdırmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günlərdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayonun rəhbər şəxsləri torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən, qanları bahasına xalqımıza zəfər, qələbə sevinci yaşadan qəhrəman Vətən oğullarının ailə üzvlərini növbəti dəfə ziyarət edib, ailələrin yaşayış səviyyəsi ilə tanış olub, ehtiyac və istəkləri ilə maraqlanıblar. Şəhid ailələrinə ərzaq yardımları göstərilib.
Şəhid ailələrinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinin rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluqlarını ifadə edib, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.