Zaqatalalı kümçülərə ipəkqurdu paylanılır
Zaqatala, 7 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çindən alınaraq ölkəmizə gətirilən hibrid ipəkqurdu sənaye toxumunun (qrena) 450 qutusu Zaqatala rayonundakı yaş barama qəbulu və qurutma məntəqəsində inkubasiyaya qoyulub. Toxumların inkubasiya müddəti başa çatıb və əldə olunan ipəkqurduların mayın 7-dən etibarən bölgü əsasında rayonun kümçülərinə paylanmasına başlanılıb. Proses mayın 8-də yekunlaşacaq.
Məntəqənin müdiri Faiq Köngülov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari mövsümdə barama yetişdirmək üçün 270-dək kümçü ilə müqavilə bağlanılıb.
Onun sözlərinə görə, barama istehsalçıları mövsümə ciddi hazırlaşıblar. İpəkqurdunun yemlənməsi üçün ailə təsərrüfatlarında zəruri şəraiti olan yardımçı tikililər, xüsusi yerlər ayrılaraq dezinfeksiya olunub, rəflər quraşdırılıb.
Müxbir – Mustafa Dadaşov