ZAQATALANIN ÇAY FABRİKLƏRİNDƏ MƏHSUL İSTEHSALINA BAŞLANIB
Hazırda rayonun əsas çay istehsalçısı olan “Zaqatala-Çay” MMC-yə məxsus çay plantasiyalarında gün ərzində orta hesabla 2 tona yaxın yaşıl çay yarpağı yığılır. Mövsümün əvvəlindən indiyədək zavodda 4,5 tondan artıq yarımfabrikat məhsul istehsal edilmişdir. Ötən il müəssisə tərəfindən tədarük edilmiş 50 ton yaşıl çay yarpağından 11,6 ton quru çay emal olunmuşdur. Bu il isə zavoda məxsus çay plantasiyalarından 55 tona yaxın çay yarpağının toplanması gözlənilir.
Fəaliyyətə bir-neçə il öncə başlamış Qazangül qəsəbəsindəki çay fabrikində isə hazırda gün ərzində beş-altı yüz kiloqram yaşıl çay yarpağı tədarük olunur. Zavod bu il məhsul tədarükü ilə əlaqədar 45 fermerlə icarə müqaviləsi bağlamışdır. Mövsüm ərzində zavod tərəfindən 40 tona yaxın yaşıl çay kütləsinin tədarük edilməsi proqnozlaşdırılır.
Xatırladaq ki, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) Azərbaycanda Özəl Bölmənin İnkişafı Proqramı çərçivəsində Zaqatala rayonunda çayçılığın inkişafı ilə bağlı xüsusi layihə həyata keçirir. Layihəyə uyğun olaraq, ötən il cəmiyyətin xətti ilə rayona çay bitkisinin budanması və ona forma verilməsi üçün yeni avadanlıq gətirilmiş, mövcud çay plantasiyaları sahələrinin yeni texnologiyalarla becərilməsinə başlanılmışdır.