ZAVOD EMALA HAZIRDIR
AZƏRTAC xəbər verir ki, Şirvan şəhərində MKT istehsal-kommersiya firmasının sənaye strukturuna daxil olan yağ-piy müəssisəsi cari təmirdən sonra yenidən emala hazırdır. Çiyid, saflaşdırma sexlərində, qazanxana təsərrüfatında qayda yaradılmış və avadanlıq təmir edilmişdir. Türk mütəxəssisləri saflaşdırma sexində öz ölkələrindən gətirilmiş yeni avadanlığı quraşdırmışlar. Bunu AZƏRTAC-ın müxbirinə zavodun baş mühəndisi Nəriman Əlixanov bildirmişdir.
O demişdir ki, sınaq üçün işə salınandan sonra mütəxəssislər saz işləyən yeni aqreqatların etibarlılığını və səmərəliliyini qeydə almışlar. Pambıqtəmizləyən müəssisələrlə bağlanmış müqaviləyə əsasən toxumları MKT strukturuna daxil olan 12 zavod tədarük edəcəkdir. Sentyabrın bir neçə günü ərzində müəssisəyə yüz tonadək çiyid çatdırılmışdır. Zavodun kollektivi oktyabrın 1-dən çiyidin sənaye üsulu ilə emalına, təmizlənmiş yağın, habelə cecənin və respublikanın heyvandarlıq fermaları və quşçuluq fabrikləri üçün digər qiymətli yemlərin istehsalına başlayacaqlar.
Yeni avadanlıq işə salınandan sonra çiyid emalının həcmi gündə 150 tonadək artacaqdır. Yeni mövsümün əvvəlindən müəssisədə ikinövbəli iş təşkil olunacaqdır.