“Zəfər yolu” layihəsinin növbəti tədbiri Gəncə şəhərində keçirilib
Bakı, 16 oktyabr, AZƏRTAC
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə dəstəyi ilə Vətən müharibəsində qalibiyyətlə nəticələnən Zəfərimizin 1-ci ildönümünə həsr edilmiş “Zəfər yolu” layihəsinin növbəti tədbiri Gəncə şəhərində keçirilib. Tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, müəllim və tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, giriş sözü ilə çıxış edən “Zəfər” İB-nin sədri Sevinc Alızadə Vətən torpağının azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin daim Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını, qürur və fəxarətlə yad ediləcəklərini bildirib. Universitetin prorektoru Yaşar Ömərov tədbir iştirakçılarını salamlayaraq, vətənpərvərliyi təbliğ edən tədbirlərin gənc nəsil, tələbələr arasında keçirilməsinin vacibliyini vurğulayıb, hər bir gəncə nümunə olacaq qəhrəmanların həyat və döyüş yolunun tanıdılmasının əhəmiyyətini qeyd edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndəsi Hatəm Gülməmmədov “Zəfər yolu” layihəsinin əhəmiyyətini açıqlayıb, Vətən müharibəsinin qəhrəmanlarına həsr edilmiş tədbirlərin gənc nəslə aşıladığı milli-mənəvi tərbiyənin müsbət təsirini qeyd edib.
Tədbirdə universitetin tələbə gənclərinin çıxışları da maraqla qarşılanıb.