Zərdabda ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər barədə danışılmışdır
Zərdab, 1 aprel (AZƏRTAC). Zərdabda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anma mərasimi keçirilmişdir.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimin iştirakçıları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər çiçəklər düzmüş, faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə çıxış edənlər son iki yüz ildə çar Rusiyasının havadarlığı ilə Azərbaycan torpaqları hesabına öz dövlətini quran ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımının dəhşətləri barədə danışmışlar. Bildirilmişdir ki, əlverişli tarixi şəraitdən istifadə edərək planlı şəkildə azərbaycanlılara qarşı kütləvi qətliamlar törətməklə etnik təmizləmə siyasəti yeridən ermənilər təkcə 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərliyi ilə Bakıda, Qubada, Zəngəzurda, Şamaxıda və Azərbaycanın digər bölgələrində yüzlərlə yaşayış məntəqəsini viran qoymuş, 700 min nəfərdən çox soydaşımızı amansızcasına qətlə yetirmişlər.
Çıxışlarda Xocalı faciəsinin dəhşətlərindən də bəhs olunmuşdur. Bildirilmişdir ki, belə cinayətlər uzun illər dünya ictimaiyyətindən gizlədilsə də, bu hadisələr müstəqilliyini bərpa edən Azərbaycanda bütün dəqiqliyi ilə araşdırılıb üzə çıxarılır. Təsadüfi deyildir ki, artıq dünya dövlətləri bir-birinin ardınca Xocalı soyqırımını tanıyır. Qubada 400 nəfərdən artıq insanın, o cümlədən uşaqların, qadınların, ahılların vəhşicəsinə öldürüldüyü kütləvi qəbiristanlıq xarici ölkələrdən gəlmiş tarixçiləri belə dəhşətə gətirir.
Mərasimdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın getdikcə artan iqtisadi və hərbi qüdrətindən danışan zərdablılar xalqımıza qarşı törədilən qətliamlara görə ermənilərin gec-tez cavab verəcəklərinə əminliklərini ifadə etmişlər.