Zərdabda şəhid əsgərin doğum günündə xatirəsi anılıb
Zərdab, 3 avqust, AZƏRTAC
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Zərdab sakini Anar Məmmədzadənin doğum günündə xatirəsi ehtiramla yad edilib. Yaşasaydı, Anar bu gün 22 yaşını özü, əzizləri ilə qeyd edərdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Anar Məmmədzadənin uyuduğu Zərdabın Şəhidlər xiyabanındakı məzarı yanında keçirilən mərasimdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, yaxınları iştirak ediblər. Mərasim iştirakçıları şəhidin məzarı üstünə çiçəklər düzüblər. Çıxış edənlər şəhidin qısa, şərəfli həyat yolundan xatirələr danışıb, Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, Azərbaycan xalqının qüruru, fəxri olan Anar və onun kimi bütün şəhidlərimizin xatirəsi daim əziz tutulacaq, dövlət hər zaman onların ailələrinin yanında olacaq. Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Sonra mərasim şəhidin boya-başa çatdığı evdə davam etdirilib. Burada ailənin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, şəhid Anar Məmmədzadə 1999-cu ildə Zərdabda anadan olub. Vətən müharibəsi başlananda o da cəbhəyə gedib, igidliklə vuruşub. Təəssüf ki, Füzuli istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 20-də cənazəsi ailəsinə gətirilib və Zərdabdakı Şəhidlər xiyabanında dəfn olunub.
İgid əsgər ölümündən sonra Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.