Zərifə Quliyeva Turan Dövlətləri Birləşmiş Konfederasiyasının fəxri üzvü seçilib
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, “Modern inkişaf və ailə cəmiyyəti” İctimai Birliyinin sədri, səhiyyə və sosial sahədə uzun illər rəhbər vəzifələrdə fəaliyyət göstərmiş, dövlət və beynəlxalq mükafatlara layiq görülmüş Zərifə Quliyeva ilə görüş keçirilib. Görüşdə Turan Dövlətləri Birləşmiş Konfederasiyasının (TURKKON) xarici təşkilatlanma üzrə sədr müavini Mesut Gülaçtı da iştirak edib.
TURKKON-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Turan Dövlətləri Birləşmiş Konfederasiyasının strateji inkişaf istiqamətləri, türk dövlətləri arasında humanitar əməkdaşlığın yeni mərhələləri, qadın və ailə institutunun möhkəmləndirilməsi, gənclərin milli-mənəvi dəyərlər ruhunda inkişafı kimi mövzularda konstruktiv müzakirələr aparılıb.
Görüşün ən önəmli məqamlarından biri isə Zərifə Quliyevanın TURKKON-un fəxri üzvü seçilməsi olub. Bu qərar onun səhiyyə və sosial müdafiə sahəsinə verdiyi töhfələr, qadın hüquqlarının müdafiəsi, xeyriyyəçilik fəaliyyəti, şəhid ailələri, müharibə əlilləri və aztəminatlı qruplarla bağlı sosial layihələri nəzərə alınmaqla qəbul edilib.
Zərifə Quliyeva dövlət və cəmiyyət qarşısındakı xidmətlərinə görə “Tərəqqi” medalı da daxil olmaqla müxtəlif orden və diplomlarla təltif olunub. Onun rəhbərlik etdiyi təşkilat mütəmadi olaraq geniş sosial dəstək proqramları həyata keçirir.
TURKKON tərəfindən təqdim edilən fəxri üzvlük, Türk dünyasında humanitar əməkdaşlığın inkişafına verdiyi dəyərin tanınması kimi qeyd olunub.