İQTİSADİYYAT
Zəyəm Texnologiyalar Parkının səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək
![Zəyəm Texnologiyalar Parkının səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək](/files/2021/3/1200x630/16358683591542849872_1200x630.jpg)
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 4-5-də Bakı Fond Birjasında (BFB) Zəyəm Texnologiyalar Parkının 18 milyon manat dəyərində olan səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, adi, adlı, sənədsiz səhmlərin sayı 18 milyon ədəd, nominal dəyəri 1 manat, ticarətə buraxılma tarixi noyabrın 4-dür. Emissiya prospektinə əsasən noyabrın 4-də səhmlər üstünlük hüququna malik investorlar arasında, noyabrın 5-də isə yerləşdirilməyən səhmlər digər investorlar arasında növbəti iş günü ərzində yerləşdiriləcək. Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib. Zəyəm Texnologiyalar Parkının (ZTP) səhmlərinin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” bölməsindən əldə edə bilərsiniz (https://www.bfb.az/az/emitentler).
Qeyd edək ki, avqustun 26-da BFB-nin Listinq Komitəsinin qərarı ilə “Zəyəm Texnologiyalar Parkı” ASC-nin ümumi dəyəri 18 milyon manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.