Ziya Zakir Acar: Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımızı əbədiyyətədək dövlətimizin ətrafında birləşdirəcək
Ankara, 25 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycanın milli təqvimində xüsusi yeri və rolu olan bir gündür. Türkiyə azərbaycanlıları olaraq bu günü böyük sevgi və coşqu ilə qeyd edirik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar söyləyib.
Bütün dünyada yaşayan azərbaycanlıları vahid ideya ətrafında birləşdirmək məqsədi daşıyan bu bayramın təsis edilməsini Azərbaycanın dövlətçilik tarixində mühüm ideya kimi dəyərləndirən Ziya Zakir Acar deyib: “Sovetlər birliyinin süqutu ərəfəsində Azərbaycanda baş verən ictimai-siyasi proseslər Türkiyədə böyük narahatlıqla izlənilirdi. Təbii ki, Türkiyə azərbaycanlıları olaraq narahatlığımızın sərhədi yox idi. Hər qaranlıq gecənin işıqlı səhəri olur. Şükürlər olsun ki, hazırda Azərbaycanın dövlət müstəqilliyi gündən-günə güclənir. Biz azərbaycanlılar da buna görə çox qürurlanır və iftixar hissi keçiririk. Əminliklə deyə bilərik ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımızı əbədiyyətədək dövlətimizin ətrafında birləşdirəcək”.
Qeyd edək ki, 1989-cu il dekabrın 31-də Azərbaycan ilə İran arasında keçmiş SSRİ-nin dövlət sərhədi dağıdıldı. Bu hadisə bütün dünyada sensasiya yaratdı. Nəhayət, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qeyd etdiyimiz tarixin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis olunması ilə bağlı 6 bənddən ibarət qərar qəbul etdi. Bu bayramın təsis olunması təşəbbüsü və milli birlik gününə çevrilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara