Ziyad Səmədzadə: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan dünyanın neft siyasətində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkələrdən biridir. Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı gördüyü tədbirlər nəticəsində ərazisinin o qədər böyük olmamasına baxmayaraq, respublikamız dünyanın mühüm nəqliyyat mərkəzlərindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Rəqabət dayanıqlı inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransında deyib.
Onun sözlərinə görə, 20 ilə yaxındır ki, Auditorlar Palatası ilə birlikdə ölkədə sahibkarlığın inkişafı, yeni iqtisadi sistemin qurulması ilə əlaqədar olaraq xeyli iş görülüb.
Deputat vurğulayıb ki, əgər bir ölkə özünün qlobal səviyyədə nəqliyyat təhlükəsizliyini təmin edə bilirsə, bu, onun ən böyük nailiyyətlərindən biri sayılır.