“1001 gecə” baleti Mariinski Teatrının səhnəsində
Bakı, 18 avqust, AZƏRTAC
Rusiyanın tanınmış Mariinski Teatrının Primorski səhnəsində avqustun 14-15-16-da dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun "1001 gecə" baletinin yeni quruluşda premyerası böyük uğurla təqdim olunub.
AZƏRTAC xəbər verir ki, hər il ənənəvi olaraq Vladivostokda keçirilən " Mariinski Dalnevostoçniy" beynəlxalq musiqi festivalı bu il Fikrət Əmirovun möhtəşəm səhnə əsəri ilə açılması önəmli hadisələrdən biri sayılır. Görkəmli rus dirijoru, Mariinski Teatrının direktoru və bədii rəhbəri Valery Gergievin təşkilatçılığı ilə keçirilən festivalın proqramda əsas yer tutan balet dinləyicilərin xüsusi marağını cəlb etmiş və bütün üç tamaşaya biletlər hamısı öncədən satılmışdır. Əsərin yaratdığı rezonansı nəzərə alaraq əlavə olaraq festivalın proqramında sentyabrın 3-nə "1001 gecə"nin növbəti tamaşası təyin olunub.
Qeyd edək ki, "1001 gecə" baleti pandemiya dövründə nəinki Rusiyada, hətta dünyada səhnələşdirilən ilk və yeganə səhnə əsəridir. Baletin libretto müəllifləri - Nailə Nəzirova, Maqsud və Rüstəm İbrahimbəyovlar, quruluşçu xoreoqrafı və yeni versiyasının müəllifi, Mariinski Teatrın baş baletmeysteri Eldar Əliyev (Rusiya/ABŞ), quruluşçu dirijoru və musiqi rəhbəri - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu rəssam - Peter Okunev (Sankt-Peterburq), işıq üzrə rəssam Sergey Martınov (Sankt-Peterburq), videomontaj - Vadim Dulenko (Sankt-Peterburq), balet truppasının rəhbəri - Rusiyanın Əməkdar artisti Aleksandr Kurkov, baş xormeysteri isə Larisa Şveykovskayadır. Təşkilatçıların xüsusi arzusunu nəzərə alaraq tamaşalarda Azərbaycan milli aləti olan tardan istifadə olunub. Azərbaycan Dövlət Opera Teatrının orkestrinin solisti, tarzən Ramin Əzimovun ifasında milli alətimizin əsərdə səslənməsi tamaşaya xüsusi rəng qatıb. Dirijor Əyyub Quliyev və Mariinski Teatrı arasında razılaşma əsasında tamaşalar bitdikdən sonra milli alət teatrın istifadəsinə veriləcək.
Baletin teatrın repertuarında xüsusi yer alacağını nəzərə alaraq tamaşalarda Rusiyanın yerli ifaçıları Azərbaycan tarında ifa etməyi öyrənərək daima ondan istifadə edəcəklər.
Qeyd etmək lazımdır ki, "1001 gecə" baletinin tamaşalarında dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş üç müxtəlif heyət iştirak edib - Alina Samostrelova və Saki Nisida (Yaponiya) (Şəhrizad), Liliya Berejnova (Nuridə), Sergey Umanets və Kanat Nadirbek (Şəhriyar), Gilyermo Cunio (Nökər), Aslan Aliyev (Sindbad), Şizuru Kato (Ruh quşu), Anastasiya Baluda (Şahzadə Budur),Denis Qolov (Cadügər), Natalya Demyanova (Mərcanə), Alexandro Kobezas (Əlibaba), Katerina Floriya, Sergey Amanbayevlə bərabər 16 avqust tamaşasında Sankt-Peterburqun Mariinski Teatrının əsas solistləri - Roman Belyakov (Şəhriyar), Renata Şakirova (Şəhrizad) və Ekaterina Çebıkina (Nuridə) tamaşaya xüsusi rəng qatmışlar. Balet ifaçıları ilə bərabər əsərdə olan vokal bölümünü isə iki gənc və istedadlı soprano Anastasiya Kikot və Alina Mixaylik təqdim ediblər.
Ayaq üstə qarşılanan bütün tamaşalarda Rusiyanın tanınmış siyasi və mədəni xadimləri - Primorski bölgəsinin qubernatoru Oleg Kojemyako, Yaponiyanın baş konsulu, Vladivostok və həmin regionda fəaliyyət göstərən Azərbaycan diasporasının rəhbərliyi və nümayəndələri, eyni zamanda Moskva və Sankt-Peterburqdan xüsusi olaraq "1001 gecə" baletinin yeni quruluşunu qiymətləndirmək üçün dəvət olunan balet tənqidçiləri və mütəxəssisləri iştirak ediblər.
Sentyabrın 6-dək davam edəcək festivalın proqramında Fikrət Əmirovun "1001 gecə" baleti ilə bərabər Rusiyanın görkəmli musiqiçiləri yer alacaqdır, onların sırasında - Valeri Gergiev, İldar Abdrazakov, Ekaterina Semençuk, Yelena Stixina, Albina Şaqimuratova, Roman Burdenko və Evgeniy Nikitinini xüsusi qeyd etmək lazımdır.