Qaxda müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunan futbol turniri başa çatıb VİDEO
Qax, 10 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Qax şəhərində keçirilən bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyi Qax bələdiyyəsi-II komandasının qələbəsi ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Rayon Gənclər və İdman İdarəsinin və Qax Bələdiyyə Şurasının birgə təşkilatçılığı ilə oktyabrın əvvəlində start verilən birincilikdə 12 komanda mübarizə aparıb.
Turnirin noyabrın 9-da şəhər stadionunda keçirilən final oyununda Qax bələdiyyəsi-II komandası Lələpaşa kənd komandasına 2:0 hesabı ilə qalib gəlib. Üçüncü yer uğrunda qarşılaşmada Qax bələdiyyəsi-1 komandası Tasmalı kənd bələdiyyəsinin komandasını eyni hesabla ilə məğlub edib.
Yarışın qalibləri kubok, diplom və medallarla mükafatlandırılıblar.